Suyun boşaldılmasına başlama vaxtı ilə bağlı sabah qərar veriləcək
Yaponiya hökuməti avqustun 22-də “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) təmizlənmiş suyun axıdılmasının başlanma tarixini elan edəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura bildirib.
Nişimuranın sözlərinə görə, nazirlərin görüşü zamanı qərar veriləcək. İclas zamanı AES-dən mayenin boşaldılması prosesində təhlükəsizliyin təmin edilməsi tədbirləri və yalan məlumatlara qarşı mübarizə məsələləri müzakirə olunacaq.
"Bu müzakirənin nəticələrinə əsasən, biz axıdılmanın başlanması üçün tarixləri təsdiqləmək niyyətindəyik", - nazir bildirib.
Qeyd edək ki, iyulun əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Yaponiyanın dağıdılmış “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) suyunu Sakit Okeana axıdılması planını təsdiqləyib. Təşkilat mayenin sərbəst buraxılmasının insanlara və ətraf mühitə cüzi radioloji təsir göstərəcəyini iddia edib. Lakin Çin rəsmiləri radioaktiv suyun təhlükəli olduğunu əsas gətirərək bu təşəbbüsə qarşı çıxıblar.