Fiqurların yeri dəyişəndə mahiyyət dəyişəcəkmi – <font color=red> “Qara maskalı” düşüncələr</font>

Cəmiyyət

12.05.2020 - 14:00

Yerli icra hakimiyyətlərinə qarşı cəmiyyətdə güclü narazılıq var, əksəriyyət RİH-lərin ləğvini istəyir

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon icra hakimiyyətlərində (RİH) ardıcıl əməliyyatlar keçirməsi, RİH başçılarının və digər vəzifəli şəxslərin qalmaqallı ittihamlarla həbs olunması fonunda, cəmiyyətdə icra hakimiyyəti institutunun ləğvinə yönəlik düşüncələri gücləndirir. Əksər mütəxəssislər hesab edirlər ki, yerli idarəetmə institutu (bələdiyyə) mövcud olduğu halda icra hakimiyyətlərinə ehtiyac yoxdur və ləğv edilib, səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bəziləri də icra hakimiyyəti sisteminin tamamilə ləğvinin deyil, zəiflədilməsinin, səlahiyyətlərinin minimuma endirilməsinin, bunun əvəzində isə bələdiyyə institutunun gücləndirilməsini tərəfdarıdır.

 

AYNA vətəndaşların sözügedən məsələyə münasibətini öyrənmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Nəticələri təqdim edirik:

 

Şəfaqət Cavanşir: “İcra hakimiyyəti sistemi tamamilə ləğv edilməlidir. Məlum oldu ki, işləri ancaq pul verib vəzifəyə gəlmək, sonra isə verdiklərindən ikiqat artığını yığmaqmış”.

 

Müşfiq Qədirov: “Onsuz da ləğv olan qurumun yerində tam lazımsız başqa bir qurum yaradılır. Kimə, nəyə, niyə qulluq elədikləri bilinmir. Ona görə də nəzarət gücləndirilməli, hətta, xalq nəzarəti sistemi formalaşdırılmalıdır”.

 

Rumiyyə Miraslan: “Bələdiyyə İnstitutu olan ölkədə icra hakimiyyətlərinin olması mənasızdır. Şəffaf bələdiyyə seçkiləri keçirilməli, ardınca da icra hakimiyyətləri ləğv edilməlidir”.

 

Elnurə Abuşova: “İcra hakimiyyətləri ləğv olunmalıdır. Bələdiyyələrin cəmiyyətdə və dövlətdə mövqeyini gücləndirmək lazımdır. Amma hökumətin əlinə baxan yaxu idarələrin kabusuna çevrilən orqana çevrilməmək şərtilə. Yerli özünüidarəetmə orqanlarına tələb və ehtiyac var”.

 

Elyar Həsənov: “Keçəl Həsən, Həsən Keçəl. Qurum yox, vicdanla işləyən adamlar lazımdır”.

 

İlqar Atayev: “İcra hakimiyyətləri ləğv oldu ya qaldı - heç bir fərq etməyəcək. Bələdiyyələr onları əvəz etsə də, yenə korrupsiya olacaq”.

 

Mikayil Həsənli: “Fikrimcə, dövlətimizin həyata keçirdiyi islahatlara, inkişafa hesablanan layihələrin icrasına kölgə salan icra hakimiyyəti strukturları ləğv edilməlidir. Son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan "təmizlik işləri" bir daha göstərir ki, bir çox icra başçıları və onların əlaltıları o qədər harınlayıb ki, hətta, aztəminatlı ailələrin də paylarına göz dikiblər. Bu kimi halların az olmadığını nəzərə alsaq, bu idarəetmə üsulunun ləkələndiyini görə bilərik. Ona görə də düşünürəm ki, icra hakimiyyəti strukturlarının ləğv olunması onun yerinə isə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə uyğun idarəetmə sistemi təsis olunmalı, vətəndaşyönümlü, şəffaf, yeni idarəetmə proqramı hazırlanmalıdır. Bu idarəetmə sisteminə nəzarət daha effektiv olmaqla yanaşı, operativlik və keyfiyyətli xidmət vətəndaş məmluğuna zəmin yaradar. “ASAN Xidmət” buna bariz nümunədir”.

 

Vaqif Əliyev: “Mənə elə gəlir ki, son zamanlar ard-arda RİH-lərə qarşı keçirilən əməliyyatlar, başçıların urvatsız şəkildə saxlanılması elə icra hakimiyyətlərini gözdən salmağa hesablanıb. Bəlkə də hökumətin məqsədi bu yolla icra hakimiyyətlərini zəiflətmək, sonda da tamamilə ləğv etməkdir”.

 

Ruslan Hümbətov: “Dünyanın inkişaf etmiş ölkələrində, elə qardaş Türkiyənin özündə bələdiyyələrin çox böyük səlahiyyətləri, imkanları və büdcələri var. Yerli idarəetmədə əsas söz sahibi, məhz bələdiyyələrdir. Həmin sistemlərdə təyinatlı qurumlar – hökumətin yerlərdəki nümayəndəlikləri xırda səlahiyyətlərə sahibdir. Əsas güc vətəndaşların seçdikləri, etibar etdikləri bələdiyyələrdədir. Ona görə də bələdiyyə seçkiləri olduqca ciddi rəqabət şəraitində keçir. Son İstanbul bələdiyyə seçkilərini xatırlayın, iqtidar heç bir vəchlə öz nümayəndəsini sədr seçdirə bilmədi”.

 

Lalə Qəmzə: “Mən də yerlərdə seçkili sistemin əsas səlahiyyət sahibi olmasından yanayam. Amma bir neçə məsələ var ki, öncə onları düşünmək lazımdır: Əvvəla, yerli seçkilər nə dərəcədə ədalətli keçiriləcək, saxtalaşdırılmayacağına zəmanət varmı? İkincisi, deyək ki, camaatın istədiyi namizəd seçildi, bəs, həmin şəxsin seçildikdən sonra “satılmayacağından” əminikmi? Nəhayət, hökumət güclü bələdiyyə sisteminin olmasında maraqlıdırmı?”.

Müəllif: Təranə Xudabaxşiyeva