Təlimin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir
Finlandiyanın Rovajärvi və Rovaniemi bölgələrində NATO-nun Avropadakı ən böyük artilleriya təliminin bir hissəsinə çevriləcək "Lightning Strike 24" artilleriya təlimi başlayıb. AYNA xəbər verir ki, bu barədə məlumat Alyansın saytında yerləşdirilib.
“Şimali Avropanın ən böyük təlim sahəsi olan Rovajärvi Alyansın qüvvələrini hərtərəfli atəş hazırlığı üçün əla şəraitlə təmin edir. Daha geniş hazırlıqlarımızın bir hissəsi olaraq bu il artilleriya təlimini həyata keçirə bildiyimiz üçün çox şadıq”, deyə bildirilib.
Təlimin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir.
"Lightning Strike 24" təlimi ABŞ rəhbərliyi altında Alyansın beş müxtəlif ölkəsində həyata keçirilən “Dinamik Cəbhə - 25” əməliyyatının bir hissəsidir. Təlimlər Finlandiyadan əlavə, Estoniya, Danimarka, Rumıniya və Polşadada keçirilir.
Finlandiyada Ordu Akademiyasının rəhbərliyi altında təlimlər noyabrın 4-dən 28-dək keçiriləcək. Təlimlərdə 3600-ə yaxın hərbçi iştirak edəcək. Onlardan 1250-yə yaxını ABŞ, Böyük Britaniya, İsveç, Estoniya, Danimarka və Çexiyadan olan əsgər və zabitlərdir.