Hərbi ekspert: “Alyansla Rusiya arasında münaqişə yaranarsa, onlar qanuni hədəfdir”
“NATO ilə Rusiya arasında münaqişə yaranacağı təqdirdə Alyansın Finlandiyadakı bazaları Moskva üçün qanuni hədəfə çevriləcək”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib.
Onun sözlərinə görə, zaman keçdikcə Finlandiyadakı bütün hərbi bazalar NATO-nun olacaq.
Leonkov əlavə edib ki, Alyansla Rusiya arasında münaqişə yaranarsa, onlar qanuni hədəfdir.
“Çətin ki, sadə finlər belə xəbərdən sevinsinlər. Bu gün Helsinkidə hakimiyyətdə özlərinin deyil, Amerikanın milli maraqlarını müdafiə edən insanlar var”, ekspert bildirib.
Leonkov qeyd edib ki, şimal cinahını gücləndirmək üçün Rusiya yeni hərbi dairə, eləcə də hava hücumundan müdafiəni təmin edən bir neçə baza yaradıb.
Daha əvvəl məlum olmuşdu ki, NATO Finlandiyanın Rusiya sərhədi yaxınlığındakı Mikkeli şəhərində 5 minə qədər hərbçidən ibarət zirehli briqada yerləşdirəcək.