"İnanıram ki, masada oturub danışıqlar aparmaq yüz dəfə daha yaxşıdır"
Slovakiyanın Baş naziri Robert Fiko Moskvaya gəlib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Qələbə Günündən bir gün əvvəl Rusiyaya səfər edən Baş nazir Moskvada Naməlum Əsgər Məzarı önünə əklil qoyub.
Ziyarətdən sonra Fiko jurnalistlərə açıqlamasında deyib ki, "biz artıq Rusiya-Ukrayna münaqişəsinin sonuna yaxınlaşırıq". Baş nazir qeyd edib ki, Vladimir Putinə çatdırmaq istədiyi "əsas mesaj" "dialoq"dur.
"İnanıram ki, masada oturub danışıqlar aparmaq yüz dəfə daha yaxşıdır", deyə bildirib.
Fiko müharibənin sonuna yaxınlaşdığına inamını nə ilə əsaslandırdığını deməyib. Cəmi bir neçə gün əvvəl tələbələrlə görüşdə Fiko Ukraynada "münaqişəyə son qoymaq üçün heç bir perspektiv görmədiyini" söyləmişdi.
Xatırladaq ki, mayın 4-də İrəvanda Slovakiyanın Baş naziri gərgin münasibətləri olan Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. Hər iki tərəf görüşü yüksək qiymətləndirib. Slovakiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Fiko Rusiya Prezidenti ilə görüşü zamanı Zelenskinin Vladimir Putinə "mesajını" çatdıracaq.
Qeyd edək ki, Fikonun Moskvaya uçuşu Çexiya, Almaniya, İsveç və Finlandiya vasitəsilə təşkil edilib. Çünki Polşa və Baltikyanı ölkələr Fikonun təyyarəsinin Rusiyaya uçması üçün hava dəhlizi verməkdən imtina ediblər.