Rusiya Prezidenti Qərbə qaz tədarükünü davam etdirməyə hazır olduğunu təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Qərbə qaz tədarükünü davam etdirməyə hazır olduğunu təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko öz “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, dekabrın 22-də Kremldə Putinlə Fiko arasında danışıqlar olub. Bu, Rusiya lideri ilə Fiko arasında 2016-cı ildən bəri ilk şəxsi görüşdür.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlarda Rusiya qazının tədarükü mövzusu müzakirə oluna bilər, lakin o, danışıqların tamamlanmasını gözləməyə çağırıb. Kreml rəsmisi həmçinin qeyd edib ki, Fikonun Moskvaya səfəri bir neçə gündür ki, planlaşdırılıb.
Ötən həftə Putin xatırladıb ki, Ukrayna Rusiya qazının avropalı istehlakçılara tədarükünü dayandırıb. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev Rusiya qazının tranzitini uzatmaq niyyətində deyil.
Bazar ertəsi Fiko deyib ki, Moskvaya səfəri Zelenskinin Ukrayna ərazisindən istənilən qaz tranzitinə qarşı olduğu bəyanatına reaksiyadır.