“Münasibətlərimizdə niyyətlər yaxşı olduğu müddətcə həll yolu axtarışı heç vaxt bitməyəcək”
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə administrasiyasına Türkiyəyə qarşı Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Aktını (CAATSA) ləğv etməyi tapşırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"25 sentyabrda Ağ Evdə prezidentimizlə görüşdə cənab Tramp tərəddüd etmədən CAATSA-nın aramızda olmamalı olduğunu söylədi. Biz onu aradan qaldırmalıyıq. O bu əmri öz bürokratiyasına verib", - deyə Fidan “A Haber” televiziyasına verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio Trampdan müvafiq əmri aldığını təsdiqləyib.
Fidan ümid etdiyini bildirib ki, "münasibətlərimizdə niyyətlər yaxşı olduğu müddətcə həll yolu axtarışı heç vaxt bitməyəcək".
O qeyd edib ki, Amerika bu gün "bu məsələni həll etmək niyyətindədir", Co Baydenin prezidentliyi dövründə isə bu belə deyildi.
Türkiyəli nazir əlavə edib ki, məsələ Trampın nəzarətindədir və Türkiyə də onu izləyir və "mümkün qədər tez həll etməyə" ümid edir.
Türkiyənin müdafiə sektoruna qarşı CAATSA çərçivəsində sanksiyalar Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar tətbiq edilib. Türkiyə həmçinin F-35 qırıcı təyyarələri proqramından kənarlaşdırılıb.