FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb

Xəbərlər

24.02.2021 - 14:19

Təhlükəsiz davranış qaydalarına əməl edilməlidir

 

Fevralın 24-də axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

FHN-nin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 - qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub. FHN-in müvafiq qüvvələri tərəfindən xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlik bir daha vətəndaşlarımızı piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır.

 

Müraciətdə qeyd olunub ki, torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması nəticəsində yollar buz bağlayıb. Buz bağlama, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər.

 

“Yolların buz bağlaması zamanı hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin. Ayaqqabını sürüşməyə qarşı hazırlayın, onun dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün. Ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur. Sürüşsəniz zərbənin gücünü azaltmaq üçün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin”, - deyə müraciətdə vurğulanıb.

Müəllif: Ayna.az