Məşhur saytın araşdırmasına görə, Ağ Evin növbəti rəhbəri Demokrat Partiyasının namizədi olacaq
ABŞ-ın Demokrat Partiyasından prezidentliyə ən çox ehtimal edilən namizədi Co Baydenin seçkilərdə qalib gələcəyi proqnozlaşdırılır. AYNA xəbər verir ki, bu barədə məşhur “FiveThirtyEight” saytında dərc olunan məqalədə deyilir.
Saytın araşdırmasına görə, Bayden ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ilə mübarizədə favoritdir. Məqalədə vurğulanıb ki, Bayden noyabr seçkilərini 72 faizlik səslə qazanacaq, Ağ Evin hazırkı rəhbəri 28 faiz səs toplayacaq.
“Bununla yanaşı, 3 noyabr seçkilərinə son 83 gün qalıb ki, bu müddət ərzində çox şey dəyişə bilər”,- deyə “FiveThirtyEight” saytının baş redaktoru Nate Silver araşdırma haqqında danışarkən qeyd edib.
Məqalədə vurğulanır ki, namizədlərin qarşısında hələ də müzakirə oluna biləcək məsələlər var: “Üç aydan sonra ölkədə koronavirusla bağlı durumun və iqtisadiyyatın vəziyyətinin necə olacağını heç kim bilmir”.
Qeyd edək ki, “FiveThirtyEight” 2016-cı ildə keçirilən prezident seçkilərindən əvvəl, o vaxt Demokrat Partiyasının namizədi Hillari Klintonun seçkidə qalib gəlmə şansının 71 faiz olduğunu açıqlamışdı. Amma Respublikaçılar Partiyasının namizədi, hazırkı ABŞ lideri Donald Tramp seçkilərin qalibi oldu.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabr 2020-ci il tarixinə təyin edilib.