İndi sərhədi keçən bütün şəxslər və yüklər yoxlanılacaq
Estoniya hakimiyyəti avqustun 8-də Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib. İndi sərhədi keçən bütün şəxslər və yüklər yoxlanılacaq. Əvvəllər yoxlama təsadüfi aparılırdı.
AYNA xarici mediaya istinadən bildirir ki, Estoniyanın Baş naziri Kristen Mixalın sözlərinə görə, sanksiya tətbiq edilən malların Estoniya ərazisindən daşınmasının qarşısını almaq üçün tam gömrük nəzarəti tətbiq edilir. Ölkənin maliyyə naziri Yurgen Liqa belə mallar arasında “çox şübhəli şeylər”in – məsələn, hərbi və ya qarışıq istifadə üçün nəzərdə tutulan əşyaların olduğunu açıqlayıb.
“Çox vaxt bəyannamədə təyinat yeri kimi üçüncü ölkələr göstərilir, lakin biz buna inanmırıq. Təcrübə göstərir ki, təyinatına gedən yolda – əsasən Asiya ölkələrində yerləşir – bu məhsul yarı yolda, Rusiya əraziləri arasında haradasa dayanır”, – deyə nazir qeyd edib.
Estoniya Baş nazirinin sözlərinə görə, sərhədi piyada keçərkən gömrükçülər hər bir şəxsi və onların baqajını yoxlayacaqlar. Əgər şəxs avtomobillə sərhədi keçərsə, o zaman nəqliyyat vasitəsinin özü və içindəki əşyalar yoxlanılacaq. Avtobus sərnişinləri baqajları ilə birlikdə axtarışa veriləcək. Bu tədbir Narva, Koidula və Luhamaa keçid məntəqələrinə təsir edəcək.
Daha əvvəl bildirilmişdi ki, Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti yaratmağı və 600 beton bunkerin tikintisinə 2025-ci ildə başlanmağı planlaşdırır. Müdafiə xəttinə həmçinin tank əleyhinə maneələr və tikanlı məftilli maneələr də daxil olacaq.