Əslində, yaşamaq istəyirlər...

Cəmiyyət

03.03.2021 - 23:24

Psixoloq: “Onların şüuraltı “mən azadlıqdan məhrum olunmuşam” düşüncələri oyandı”

 

Sosioloq: “Düzələcək problemlər üçün ölməyi seçmək acizlikdir”

 

Son zamanlar arzuolunmaz tendensiya davam edir. Belə ki, intihar halları barədə sosial şəbəkələrdə yayılan xəbərlər, açılan müzakirələr cəmiyyəti dərindən sarsıdır. Özünəqəsdin yolverilməzliyi ilə bağlı təbliğatlara, maarifləndirici tədbirlərə baxmayaraq, problem aktuallığını saxlayır.

 

Psixoloq Fərqanə Mehmanqızının AYNA-ya dediyinə görə, intiharın bir çox səbəbləri var: “Ailədaxili münaqişələr, empati bacarığının inkişaf etməməsi, həmçinin valideynlərin uşağa vaxtında diqqət və qayğı göstərməməsi nəticəsində uşaq müxtəlif travmalar alır. Təbii ki, bu, şüuraltında qalır. Bu travmalar ilə böyüyən uşaq bir az çətinə düşəndə, həmin problem özünü göstərir. Buna son bir ildə koronavirus, karantin və müharibə də ciddi təsir edir”.

İmtahandan kəsilən uşaq intihar etməsin deyə...

“Pandemiya başlayanda mən dəfələrlə müsahibələrimdə bildirirdim ki, pandemiyadan bir il sonra intihar halları artacaq, boşanmalar çoxalacaq, cəmiyyətdə aqressiya yüksələcək. Hazırda, həqiqətən belə hallar çoxalıb. Çünki karantin müddətində insanlar evə qapadıldı. Onların şüuraltı “mən azadlıqdan məhrum olunmuşam” düşüncələri oyandı. Nəticədə insanlar aqressivləşdilər. Nə qədər normal qarşılasaq da, şüuraltı “azadlıqdan məhrum olunmuşuq” kimi qəbul edirik. Nəticədə panik atak, xroniki depressiya və digər bu kimi psixoloji xəstəliklər meydana çıxır”, - deyə həmsöhbətimiz bildirib.

 

Mehmanqızı bu cür vəziyyətdən çıxış yollarına da toxunub: “Belə vəziyyətdən çıxmaq üçün təlimlər, tədbirlər keçirilməlidir. Müəyyən psixoloji proqramlar yaradılmalıdır ki, intiharların qarşısını almaq mümkün olsun. Həmçinin psixoloqlar insanlarla sıx işləməlidir ki, çətin vəziyyətdən çıxa bilək. Əks halda, heç də yaxşı nəticələr olmayacaq”.

 

Sosioloq Lalə Mehralı AYNA-ya şərhində təəssüflə qeyd edib ki, artıq cəmiyyətdə özünəqəsd halları adiləşməyə başlayıb: “20-25 yaşlı gənclərin intihar etmək istəməsi, əlbəttə ki, faciədir. Bu yaşda o, həyat eşqi ilə dolu olmalıdır, nəinki ölmək barədə fikirləşməlidir. Adətən gənclər intihar edəndə arxasınca işsiz və pulsuz olduğunu iddia edirlər, sevgidə uğursuzluq olduğunu deyirlər. Amma zənnimcə, ruhi-psixoloji vəziyyəti zəif olmaq da intihara sürükləyən səbəblər arasındadır. Problem hamıda var, güclü insanlar öhdəsindən gəlməyi seçir, özündə bu gücü görməyənlər isə ölümü”.

No description available.

“Fikir vermisinizsə, əksər hallarda insanlar intihar üçün ictimai yerləri seçirlər. Bu, əslində onların ölmək istəməməsini göstərir. Yəni intihar barədə fikirləşirlər, amma nəticəsinin ölüm olmasını istəmirlər. Çünki intihar zamanı səslərini cəmiyyətə çatdıracaqlarını düşünürlər, problemlərini başqalarının bilməsini və bir həll yolu tapılmasını istəyirlər”, - Mehralı vurğulayıb.

 

“Adətən ölümündən sonra ortaya çıxan mesajları da bunu təsdiqləyir, uzun zaman axtarışda olurlar, yorulanda intiharı seçirlər. Onlar, əslində yaşamaq istəyirlər, amma bir anlıq ruh düşkünlüyü, çarəsizlik gözlərini qaraldır. Gənc qismin nəyi çarəsizlik, ümidsizlik hesab etməsi isə ayrı bir mövzudur. Bəzən elə kiçik şeyləri böyük problem hesab edirlər ki, səbəb kimi onu göstərmək də bəsit gəlir insana. Yəni düzələcək problemlər üçün ölməyi seçmək acizlikdir, hər çətinliyin bir həlli, hər kilidin bir açarı var, axtarmaq, yolu tapmaq lazımdır”, - deyə sosioloq fikrini tamamlayıb.

Müəllif: Təranə Xudabaxşiyeva