Erməniyə qalib gələn döyüşçü: “Qısa ətək geyinmədiyim üçün maaş vermədilər”

İdman

19.12.2021 - 22:17

Gözəl Zutova: “Mənim də rayondan gəlib Bakıda qalacaq yerim və pulum yox idi. Sonda bezdim və idman növümü dəyişdim”

“Həmişə zalda oğlanlar ilə məşq edirəm, qızlar ilə məşq edə bilmirəm. Məşq edəndə də əzilirlər, məşqimiz yarımçıq qalır”

Son günlər idman aləmində danışılan döyüşlərdən biri MMA üzrə qadınlar arasında olan döyüşlərdir. Belə ki, Türkiyənin İstanbul şəhərində “Yusif Fighting Championship” (YFC-9) təşkilatının keçirdiyi yarışda Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gələn Azərbaycanın MMA döyüşçüsü Gözəl Zutova 10 saniyəyə məşhurlaşmağı bacardı. İdmançımızın peşəkarlığı haqqında nəinki Azərbaycanda, başqa ölkələrdə də kifayət qədər danışılır.

Gözəl Zutovanın idman sahəsində qazandığı uğurların, həmçinin  qarşılaşdığı uğursuzluqlar və haqsızlıqlar haqqında vediyi müsahibəni təqdim edirik.

- Gözəl xanım, zəhmət olmasa, oxuculara idman karyeranız haqqında bir az məlumat verin...

- Mən 18 yaşından idman karyerama cüdo idman növündə başlamışam. Dünya kubokunun, beynəlxalq turnirlərin qalibiyəm. Daha sonra universal döyüş növü ilə məşğul olmağa başladım. 3 dəfə dünya, 5 dəfə Avropa çempionu olmuşam. Sərbəst güləşdə də uğurlarım az deyil. Polşada keçirilən Dünya Kubokunun, beynəlxalq yarışların, həmçinin respublika çempionatlarının qalibi olmuşam. Daha sonra özümü sambo idman növündə sınadım. Həmin idman növündə də Azərbaycan çempionu olmağı bacardım. MMA döyüşlərində də 11 döyüşdə ardıcıl 11 qələbəm var. Ən sonuncu döyüşüm isə erməni idmançı  qadınla oldu. Ona da qalib gəldim.

- 18 ildə neçə dəfə erməni rəqiblərinizlə  görüşmüsünüz?

- 10 il əvvəl İranda cüdo üzrə yarışlardan birində erməni qadın idmançı ilə qarşılaşmışam. Təbii ki, ona da qalib gəlmişdim. Sonuncu yarış isə reytinq yarışı idi. Ya Azərbaycan, ya da Ermənistan reytinqdə önə çıxacaqdı. 10 il əvvəl şəxsi adım üçün döyüşürdümsə, bu yarışda vətənim adına döyüşürdüm. Təbii ki, sonuncu yarışda qalib gəlmək mənim üçün çox önəmli idi.  

- Fomanızı necə saxlayırsınız?

-İllərdir hər kəs kimi normal qidalanmıram. Həmişə formada qalmaq üçün ya çəki salıram, ya ciddi dieta saxlamalı oluram. Sonuncu yarış üçün də 15 kq çəki atmışdım.  İdmanda ən çətin iş formanı saxlamaqdır. Həm də həmişə zalda oğlanlar ilə məşq edirəm. Ona görə də döyüşdə qızla döyüşəndə mənə rahat olur. Zalda isə qızlar ilə məşq edə bilmirəm. Məşq edəndə də əzilirlər, məşqimiz yarımçıq qalır.

- Cüdo idman növündə uğur qazandığınız halda niyə sona kimi həmin idman növündə qalmadınız?

- Dəfələrlə cüdo üzrə Respublika çempionatında qalib olmuşam, Beynəlxalq yarışlarda qalib gəlmişəm. Amma milli yığmanın məşqlərinə çağrılmırdım. Respublika çempionu olub milli yığma tərkibinə düşsəm də, mənə maaş yazmırdılar. Mənim də rayondan gəlib Bakıda qalacaq yerim və pulum yox idi. Sonda bezdim və idman növümü dəyişdim.

- Niyə sizi milli yığmanın məşqlərinə çağırmırdılar?

- Qısa ətək geyinmirdim, ona görə ( gülür). Ancaq qısa ətək geyinənlər federasiyadan maaş alırdılar. Dövlət üçün, vətən üçün, bayraq üçün can yandıranlar isə kənddə idmandan uzaq qalmalı olurdular.  Onu deyim ki, Cüdo Federasiyasında təzəliklə dəyişikliklər oldu. Bəlkə də indiki sistem əvvəl olsaydı cüdonu atmazdım.

- Bəlkə qayıdasınız?

-İki il öncə cüdo üzrə Respublika Çempionatında qalib gəldim. Amma sonra milli yığmanın məşqlərinə qatılmadım. Heç vaxt qayıtmaram.

- İdmandan başqa nə işləm məşğul olursunuz?

- FHN-nin əməkdaşıyam. Xilasedici işləyirəm. Zaqatala Olimpiya kompleksində müəllim kimi fəaliyyət göstərirəm. Zaqatala rayonunun Danaçı kəndində güləş zalımız var. Həyat yoldaşımla birlikdə güləş üzrə qız idmançılar hazırlayırıq.

- Bəzi qızlar idmançı qızlara qarşı aqressiv olur. Deyirlər ki, idmançı qızlar kişiyə oxşayır, özlərinə baxmır və s. Buna münasibətiniz

- İdmanla məşğul olsam da qadın kimi geyinməyi, özümə baxmağı sevirəm. Başqalarının fikirlərinə də hörmətlə yanaşıram. Heç vaxt kişiyə oxşamaq istəməmişəm. Bədən quruluşum bir qədər kobuddur, o da çox məşq etməkdən irəli gəlir. (gülür)

- İllərlə məşq etməyiniz sizdə hansı xarakterləri formalaşdırıb?

Uşaq vaxtı evdə döyülməyimi unutmuşam. Çünki həyat insanı çox pis döyür. Bəzi haqsızlıqlara göz yummalı olursan. Mən ali təhsilliyəm. 8 ildir işləyirəm, amma rütbəm yoxdur. Bəzi imkanlılar bizdən sonra işə qəbul olunublar, amma çoxdan rütbəni çiyinlərində gəzdirirlər. Mən o rütbəni şəkil çəkdirmək üçün istəməmişəm, dövlətimə qulluq etdiyim üçün istəmişəm. Belə haqsızlıqlar mənim xarakterimi çox dəyişib. Dünya və Avropada Azərbaycan himnini səsləndirmək, otaqda “kresloda” oturmaqdan çox çətindir.

Müəllif: Təranə Xudabaxşiyeva