Mərkəz rəhbəri: “Azərbaycan diplomatiyası düşünüb addımlar atmalıdır ki, milli maraqlarımıza zidd olan hazırkı vəziyyət lehimizə çevrilsin”
Ermənistan-Azərbaycan şərti sərhədində və Qarabağın Rusiya sülhməramlı hərbi kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə hərbi vəziyyət gərgin olaraq qalır. Ermənistanm ordusu və Qarabağdakı hərbi xunta rejiminin qanunsuz silahlılarının təxribatları səngimir. Sentyabrın 13-də erməni kəşfiyyat-diversiya qrupunun Kəlbəcər istiqamətindəki təxribatının qarşısı alınıb. Elə həmin gün saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, sentyabrın 14-ü saat 00:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Dünən saat 13:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Gərginliklə bağlı Rusiyadan da açıqlama gəlib. “Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır” deyən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bölgədə gərginlik səngimir: “Hətta bəzi yerlərdə artmağa meyllidir”.
"Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə, biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış Üçtərəfli Birgə Bəyanata uyğun addımlar atmağa çağırırıq. Təbii ki, indiyə kimi ortaya çıxan yeni reallıqları nəzərə almaq şərti ilə”, Peskov fikrini tamamlayıb.
Bu gərgin situasiyanın nə ilə bitəcəyi, Azərbaycanın hansı addımlar atmalı olduğu ictimaiyyət nümayəndələrini narahat edən suallardır. “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu prosesi AYNA-ya müsahibəsində şərh edərkən bildirib ki, əvvəlcə iki suala cavab vermək lazımdır: birincisi, regionda nə baş verdi ki, gərginlik yenidən dərinləşdi? İkincisi, dünyada nə baş verdi ki, Ermənistan mövqeyini birdən-birə dəyişdi?
-Yəni “Qarabağ Azərbaycandır” deyən Paşinyan hökuməti birdən Qarabağdakı ermənilərin hüquqları, təhlükəsizlik təminatları tələb etməyə başladı? Bundan sonra hər iki tərəfdən müharibə ritorikası səsləndi. Məsələni düzgün şərh etmək istəyiriksə, Ermənistanla yanaşı, Azərbaycanın da müharibə ritorikasına keçdiyini deməliyik. Sadəcə Ermənistan müharibə ritorikasından daha aktiv şəkildə istifadəyə keçdi. Faktiki olaraq İrəvan Bakını təhdid etməyə başladı. Düşünürəm ki, dünya geosiyasətindəki vəziyyətə baxmaq lazımdır. Bəzi müqayisələr aparanda ciddi suallar ortaya çıxıəsələn, 2020-ci ilin sentyabrında, yəni müharibə başlayanda beynəlxalq ictimaiyyətin böyük qismi Azərbaycanın tərəfində idi. Ya susqunluq nümayiş etdirməklə, ya hansısa addımlara göz yummaqla, Türkiyənin bizə dəstəyinə göz yummaqla Azərbaycanın ərazilərini işğaldan azad etməsinə dəstək nümayiş etdirdilər. Amma indi vəziyyət elə deyil.
- Yəni beynəlxalq ictimaiyyətin mövqeyi İkinci Qarabağ müharibəsi zamanı tutduğu mövqedən fərqlidir?
- Təbii ki, fərqlidir. Demək istədiyim də odur. Məsələn, Qarabağın dağlıq hissəsindəki qanunsuz xunta rejiminin keçirdiyi “seçki” ilə bağlı ABŞ-ın mövqeyi aydın deyil. Avropa Birliyi konkret şəkildə dedi ki, bu “seçki” şousunu tanımır. Amma ABŞ bunu bəyan etmədi. Baxmayaraq ki, dövlət katibinin bölgə ilə bağlı açıqlaması var və orada bildirilir ki, tərəfləri sülhə dəvət edirlər, sülh ərazi bütövlüyünün qarşılıqlı tanınmasından keçir və s. Qanunsuz rejimin “seçkisi”nə isə heç bir münasibət yoxdur.
Bu gərginlik ərəfəsində Ermənistan silah tədarük etdi, Hindistanla intensiv silah sövdələşmələri etdi, İranla çox intensiv əlaqələr qurdu. Yəqin ki, Rusiyadan silahlar da aldı. Bunlarla yanaşı, ABŞ-la birgə hərbi təlimlərə qərar verdi. Və Paşinyan başladı Rusiyanı tənqid etməyə. Ermənistanın birinci şəxsi tərəfindən anti-Rusiya bəyanatları verildi, qərbpərəst mesajlar səsləndirildi.
Paralel olaraq, ABŞ dövlət katibinin Azərbaycan Prezidenti ilə sentyabrın birində olan telefon danışığı sentyabrın 6-da açıqlandı. Hansı ki, Blinken orada “blokada” ifadəsi işlədib. Bununla Vaşinqton Bakını “Qarabağın blokadasında” ittiham etmiş oldu. Bunun səbəbi odur ki, Ermənistan Azərbaycanı tələyə salmaq istədi. Demək istədiyim odur ki, İkinci Qarabağ müharibəsindən az əvvəl və müharibə dövründəki mövqe dəyişib.
- Söhbət hansı tələdən gedir?
- Deməli, Ermənistan-ABŞ birgə hərbi təlimlərinin anonsu verilir. Bu ərəfədə birdən-birə Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyan “istefaya” gedir və yeni “seçkilər” keçirilir. Bu, açıq təxribatdır. Azərbaycanı müəyyən sərt addımlara çəkmək cəhdi idi. Bu addımlar atılmasa da, əlamətləri özünü göstərdi. Ermənistan bunu elə təqdim etdi ki, guya Azərbaycan Rusiyanın göstərişi ilə ABŞ-Ermənistan hərbi təlimlərini pozmaq niyyətindədir. Bu təxribat alındımı, tamamilə, “hə” demək olmaz. Əlbəttə, ABŞ siyasətçiləri o dərəcədə ağılsız deyillər ki, Paşinyanın təbliğatına uysunlar. Amma görünür amerikalılara da indiki məqamda İrəvanın təbliğatına uyğun mövqe sərgiləmək lazımdır.
Yəni ki, Ermənistan Qərbə, ABŞ-a öz xidmətini təklif etdi və göstərməyə çalışdı ki, Azərbaycan Rusiya ilə tərəfdaşdır. Halbuki Azərbaycanın maraqları və istədiyi başqadır. Rəsmi Bakının məqsədi qondarma rejimi ləğv etməkdir. Ermənistan isə çox hiyləgər, məkrli oyun oynadı. Birmənalı şəkildə isə bu oyunun dirijoru Rusiyadır. Rusiya həm Ermənistanın, həm də Azərbaycanın əli ilə bu gərginliyi yaratmaqla dünyaya mesaj verdi ki, “regionda söz sahibi mənəm”.
Biz unutmamalıyıq ki, Rusiyanı ən ciddi narahat edən məsələ Qarabağın dağlıq hissəsindəki gərginlik deyil. Çünki Rusiyanın orada hərbi kontingenti var, separatçıların hamısı Rusiyaya tabe adamlardır, proseslərə Moskva ciddi nəzarət edir. Rusiyanı narahat edən ABŞ-Ermənistan, Qərb-Ermənistan yaxınlaşmasıdır. Ona görə də Rusiya faktiki olaraq sinxron fəaliyyətə keçdi və özünü kənarda saxlamaqla prosesləri alovlandırdı. Sanki baş verənlərdə Rusiyanın heç bir iştirakı yoxdur.
- Bundan sonrakı proseslərin necə yekunlaşacağı ehtimalı var?
- Azərbaycan indi düşünüb plan cızmalıdır ki, Qarabağın dağlıq hissəsindəki problemi necə həll etsin. Çünki Qarabağın dağlıq hissəsindəki məsələ artıq beynəlmiləlləşməyə doğru gedir. Əvvəl Qarabağdakı erməni icması ilə bağlı məsələni Azərbaycan, erməni icması və Rusiya “sülhməramlıları” üçlükdə həll edə bilərdisə, artıq bu, mümkün görünmür. Artıq prosesə Fransa da daxil oldu, ABŞ da, Avropa Birliyi də daxil oldu. Belə qəribə mənzərə alındı. 2020-ci ilin sentyabrında Azərbaycana olan münasibət bu gün 180 dərəcə dəyişib.
Biz bu vəziyyətdən çıxmalıyıq. Qərbdən Azərbaycana olan təzyiq açıq-aşkardır. Rusiyanın mövqeyi hər zamankı kimi, bəllidir. Azərbaycan diplomatiyası düşünüb addımlar atmalıdır ki, milli maraqlarımıza zidd olan hazırkı vəziyyət lehimizə çevrilsin. Optimal yol seçilməlidir, konkret strateji plan olmalıdır. “Yol xəritəsi” hazırlanmalıdır, müəyyənləşməlidir ki, Azərbaycan Qarabağdakı erməni icması ilə məsələni necə həll etməlidir. Spontan addım atmaq yersizdir. Azərbaycan daxilindəki amillər, regiondakı amillər, Rusiya faktoru, Qərb faktoru və geosiyasi mənzərə həmin “yol xəritəsi”ndə nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, istənilən konflikt məhz təzyiq vasitəsidir. Konfliktlər ona görə uzun müddət həllini tapmır ki, ondan böyük güclər təzyiq və təsir vasitəsi kimi istifadə edirlər. Qarabağ münaqişəsi də həmin tipli münaqişədir, istisna yoxdur.