Daşqınlarda ölənlərin yekun sayı 4-dür
Ermənistanın şimalında daşqınlar nəticəsində itkin düşən iki nəfərin sağ olduğu ortaya çıxıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, ölənlərin yekun sayı dörd nəfərdir.
Nazir xatırladıb ki, xilasedicilər Alaverdinin su basmış ərazilərindən, eləcə də yaxınlıqdakı yaşayış məntəqələrindən 443 nəfəri təxliyə ediblər. Onlardan yalnız 44-ü otellərdə qalmağa razılaşıb: qalanları isə Alaverdidəki qohum və dostlarının yanına köçməyə üstünlük verib.
Onlar hər gün su basmış evlərinə qayıdır və xilasedicilərə həyətləri və zirzəmiləri çay çöküntülərindən və dağıntılardan təmizləməkdə kömək edirlər.