Aksiyaçılar qubernator və ətraf mühit naziri gələnə qədər yolun bağlı qalacağını söyləyiblər
Ermənistanın Qeqarkunik (Göyçə mahalı) rayonunun bir neçə kəndinin sakinləri etiraz əlaməti olaraq İrəvan-Tbilisi magistralını bağlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, yolda hərəkət tamamilə iflic olub.
Kənd sakinləri deyiblər ki, hökumət onlara balıq yetişdirməyi qadağan etdiyi üçün yolu bağlayıblar. Onlar qubernator və ətraf mühit naziri ilə görüş tələb ediblər. Etirazçılar rəsmilər gələnə qədər yolun bağlı qalacağını söyləyiblər.
Hüquqşünas, “Ədalətli Ermənistan” Partiyasının rəhbəri Norayr Norikyan hadisə yerindən videogörüntülər yayıb və qeyd edib ki, problemlərin bu cür üsullarla həlli mümkün deyil.
“Niyə bu insanlar magistral yolu bağlayır, dövlətlərarası yolu tamamilə iflic edir? Bu, o deməkdir ki, haradasa nəsə səhvdir və dövlət qurumları öz işlərini düzgün qurmayıblar. Bu, dövlətin olmadığı, qurumların fəaliyyət göstərmədiyi, dövlətlə cəmiyyət arasında əlaqənin kəsildiyi halda mümkündür. İnsanlar gücsüz olduqları üçün bu cür tədbirlərə əl atmağa məcbur olurlar”, - deyə Norikyan vurğulayıb.
Media etirazı “balıqçıların üsyanı” adlandırıb. Hökumətdən aksiya ilə bağlı hələlik açıqlama verməyib.