Mənzil-kommunal təsərrüfatı, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri 2,8 faiz bahalaşıb
Ermənistanda 2023-cü ilin yanvar-dekabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya 2% təşkil edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, 2023-cü ilin dekabrında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanın istehlak bazarında 0,6% deflyasiya, noyabr ayı ilə müqayisədə isə 0,9% inflyasiya qeydə alınıb.
2023-cü ildə ərzaq və alkoqolsuz içkilərin qiymətləri əvvəlki ilə nisbətən 0,5% ucuzlaşıb, noyabr ayı ilə müqayisədə isə 2% bahalaşıb.
İl ərzində spirtli içkilər və tütün məmulatları 8,5 faiz, geyim və ayaqqabı 5,2 faiz, mənzil-kommunal təsərrüfatı, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri 2,8 faiz bahalaşıb.
Qeyri-ərzaq malları bazarında da inflyasiya qeydə alınıb. Yanvar-dekabr aylarında əvvəlki illə müqayisədə qiymətlər 1,7% artıb.
Xidmət sektorunda ciddi inflyasiya qeydə alınıb. 2023-cü ildə əvvəlki illə müqayisədə inflyasiya 4,5% təşkil edib.