Ermənistanda azyaşlılar arasında SARS-a yoluxma halları kəskin artıb

Dünya

27.11.2022 - 19:34

Uşaqların əksəriyyətinə tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub

Ermənistanda SARS virusuna yoluxma hallarında kəskin artım qeydə alınıb. AYNA erməni mediasına istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən xəstə sayında 11 faiz artım var.

Qeyd olunub ki, xəstələrin demək olar ki, hamısı məktəbəqədər yaşlı uşaqlardır. Uşaqların əksəriyyətinə tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub.

Bildirilib ki, respirator sinsitial virus uşaq infeksiyası adlanır. Onlar əsasən iki yaşdan kiçik uşaqlara təsir göstərir. Ümumi soyuqdəyməyə bənzəyir və az hallarda yuxarı tənəffüs yollarının iltihabına və pnevmoniyaya səbəb olur.

“Uşaqlar yüksək hərarət və tənəffüs çətinliyi ilə qəbul edilir. Birincisi, biz ilkin yardım göstəririk, bədəni intoksikasiyadan və susuzlaşdırmadan çıxarırıq. Sonra pnevmoniya diaqnozu təsdiqlənərsə, o zaman antibiotiklərdən istifadə edilməlidir”, - infeksionist Arevik Karapetyan açıqlamasında bildirib.

Məlumata görə, epidemiya vəziyyətini nəzarətdə saxlamaq üçün Xəstəliklərin Qarşısının Alınması üzrə Milli Mərkəz gündəlik monitorinqlər aparır.

Mütəxəssislər qrip və SARS mövsümünün pik nöqtəsinin dekabrın sonlarına yaxın gözlənildiyini bildiriblər.

Müəllif: Ayna.az