Toivo Klaar: “Tərəflərə təmkin və sərhəd məsələlərində konstruktiv iştirak çağırışımızı təkrar edirik”
“Ermənistan-Azərbaycan dövlət sərhədində ciddi narahatlıqlar davam edir”. AYNA xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında yazıb.
“Ermənistan-Azərbaycan dövlət sərhədində ciddi narahatlığa səbəb olan hadisələr davam edir. Yeni itkilər qeydə alınmazdan əvvəl tərəflərə təmkin və sərhəd məsələlərində konstruktiv iştirak çağırışımızı təkrar edirik. Tərəflərə kömək etməyə hazırıq”, - deyə AB rəsmisi vurğulayıb.
Qeyd edək ki, iyulun 19-u saat 23:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.