“Ermənilər özlərini xilas edə bilərlər, bir şərtlə ki…”

Aktual

06.11.2020 - 21:07

Zərdüşt Əlizadə: “Mütəşəkkil müqavimət olmasa, Qarabağı ən birinci qondarma “respublikanın ordusu” tərk edəcək”

 

Noyabrın 4-də Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin başçısı Arayik Arutunyan qondarma rejimin “prezident administrasiyasının” müvəqqəti olaraq İrəvana köçürüldüyünü elan edib. Bu barədə Qarabağdakı terrorçu rejimin “lideri” “Facebook”da yazıb.

 

Həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərin bir hissəsini azad edərək hərbi üstünlük əldə etməsindən sonra Ermənistan tərəfi böyük təşvişə düşüb. Vahimə içində olan düşmən tərəfi Qarabağdan çıxmağa çalışır və hətta, işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı foto-video məlumatlar yayılır.

 

AYNA baş verənlər ətrafında politoloq Zərdüş Əlizadə ilə həmsöhbət olub.

 

- Zərdüşt müəllim, qondarma rejimin “prezident administrasiyasının” İrəvana köçürülməsi, həm də ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi, ermənilərin yeni müqavimət hərəkatı və ya mühacirət hökuməti formalaşdırmasına gətirib çıxara bilərmi?

 

- Düzdür, bu məlumat yayılsa da, rəsmi olaraq təsdiqlənmədi. Lakin proses belədir ki, erməni əhalisi Dağlıq Qarabağdan yavaş-yavaş çıxıb gedir. Əvvəl xeyli sayda getdilər, indi də sayları o qədər azalıb ki, çox az qalıblar. Ermənistan hökuməti onlara mane olsa da, müharibənin təhlükəsindən özlərini xilas etmək üçün, qaçmaqdan başqa çıxış yolu görmürlər. Həmin ərazilərdə isə yalnız hərbçilər və onların ailələri qalıb.

Zərdüşt Əlizadə: “Müxalifət guruldayır, amma “yağa” bilmir”

- Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yaxın olduğumuzu bildirdi. Bəs, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən və qondarma “respublika” tamamilə ləğv olduqdan sonra, düşmən hansısa formada müqavimətini davam etdirə bilər?

 

- Əgər mütəşəkkil müqavimət olmasa, Qarabağı ən birinci qondarma “respublika”nın ordusu tərk edəcək. Onlar haqqında da cinayət işi başlana bilər ki, Azərbaycan ərazilərində silahlı dəstə yaradıb, qanuni hökumətə qarşı vuruşublar. Ya da Azərbaycan hökuməti onları əfv edə bilər və onlar da silahı yerə qoyub təslim olarlar. Lakin hələlik bunu sezmək çətindir. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra, çox güman, Qarabağda yaşamağa davam edən ermənilər getməyə yeri olmayanlar, kimsəsizlər, əlillər və s. olacaq. Amma döyüşçülər əraziləri tərk edəcəklər. Bundan sonra da yəqin ki, dünya miqyasında vay-şüvən qoparmağa başlayacaqlar ki, onlara qarşı guya “genosid” baş verib. Bəziləri, hətta, mübarizə aparmaq üçün “qisas hərəkatı” yaratmaq həvəsinə də düşəcəklər. Xatırlatmaq istəyirəm ki, 1950-60-cı illərdə Almaniyada revanşist təşkilatlar var idi. Onlar İkinci Dünya müharibəsindən sonra almanların təmizləndiyi Çexiya, Polşa və s. kimi ölkələrə qayıtmaq istəyən almanları toplayıb mitinqlər, yürüşlər keçirirdilər. Amma sonradan zaman keçdikcə bu təşkilatlar nüfuzunu itirdi və hər şey yaddan çıxdı. Amma indi münasibətlər elə inkişaf edib ki, almanlar Rusiyaya gedib yaşayış qururlar, Çexiyaya, Polşaya istirahətə gedirlər. Yəni, həmin ədavət aradan götürülüb. Mən çox istərdim ki, bizdə də eyni ilə bu cür sülh olsun, kin-küdurət unudulsun. Və iki ölkə arasında əməkdaşlıq əlaqələri qurulsa, bu, baş verə bilər.

 

- Yəni, belə bir sistem mümkündür?

 

- Əlbəttə ki, mümkündür, amma kənardan qızışdırıcı qüvvələr olmasa. Çünki hamı bilir ki, bu günə qədər Ermənistanın arxasında gah Fransa, gah Rusiya, gah da Amerika Birləşmiş Ştatları dayanıb. Hətta, 1980-ci illərdə erməni təşkilatlarını müdafiə edən də Qərb dairələri idi. Çünki ermənilər SSRİ-ni dağıtmaq üçün ən yaxşı vasitə idi. Bundan sonra da Rusiya bölgəni nəzarətdə saxlamaq üçün Ermənistandan istifadə etməyə başladı. Ona görə də Ermənistanı himayə edirdi. Bütün bunların nəticəsində Ermənistan ayaqda qalmağı bacarırdı. Amma Ermənistan artıq funksional gərəkliyini itirib və onlar tarixi proseslərdə daha heç kimə lazım deyillər. Ona görə də bu gün onların arxasında heç kim dayanmır. Bir az Fransa çalışdı ki, kömək etsin, amma gördü ki, mümkün deyil, geri çəkildi. Ona görə də ermənilər normal dövlət qurmaq üçün ciddi-ciddi düşünməli, bunun üçün əlaqələr yaratmağa çalışmalıdırlar. Bununla məşğul olsalar, özlərini də xilas edə bilərlər.

 

- Siyasi baxımdan dediyiniz birlik mümkün olsa da, zaman-zaman ermənilərin törətdikləri vəhşiliklərdən dolayı, ortada böyük nifrət var…

 

- Qeyd edim ki, 1905-ci ildə erməni-müsəlman davası olsa da, sonradan unuduldu. 1915-ci ildə yenə iki xalq arasında qarşıdurma oldu, yenə də unuduldu. Həmçinin, 1918-ci ildə iki ölkə arasında vəziyyət gərginləşdi, amma yenə ədavət yaddan çıxdı. Amma indi Türkiyədə və Azərbaycanda çox sayda ermənilər yaşayır. Həmin ermənilər də yaşadıqları ölkələrdən narazı olduqlarını dilə gətirmirlər. Düzdür, erməni diasporları həmin erməniləri qızışdırıb bəzi məsələləri gündəmə gətirməkdən əl çəkmirlər. Məsələn, Sovet dövründə Naxçıvandan ermənilər, Ermənistandan isə azərbaycanlılar köçürüldü, amma buna baxmayaraq, sadə insanlar arasında münasibətlər normallaşa bildi. Çünki insanlar ömür boyu ədavət və qissas hissi ilə yaşaya bilməzlər. Ona görə də ümid edirəm ki, Qarabağ problemi həll ediləndən sonra Azərbaycan və Ermənistan xalqları arasında münasibətlər yavaş-yavaş normallaşacaq. Necə ki, İkinci Dünya müharibəsi zamanı Sovet xalqı ilə almanlar arasında nifrət həddindən artıq şiddətli idi, amma zaman keçdi, onlar barışdılar. Həmçinin, fransızlarla ingilsilər, almanlarla fransızlar yüzillərlə bir-birlərini qırdılar, amma axırda barışdılar. Yəni, insanlar arasında ədavət həmişəlik ola bilməz. Az əvvəl də dediyim kimi, əsas odur ki, kənardan müdaxilə edilməsin. Təbii ki, kənar qüvvələr buna çalışacaq, amma buna uymaq olmaz. Çünki ermənilər qonşuları ilə hər zaman düşmən olublar deyə, başlarına da bu cür işlər gəlir.

Müəllif: Mərahim Nəsib