“Ərdoğanın çıxışı onlara mesaj idi ki...” – <font color=red> DEPUTAT</font>

Siyasət

13.12.2020 - 17:25

Cavid Osmanov: “Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni həzm edə bilməyən dairələr var”

 

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da izlədi. Ölkə liderləri çıxışlarında diqqətçəkən məqamlara toxundular.

 

Ərdoğan Türkiyənın Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğunu, Azərbaycanın da yaxın zamanlarda Türkiyədə eyni mövqeyə malik olacağını dilə gətirdi: “Digər tərəfdən, bütün bu nailiyyətlərlə bərabər, gördüyümüz işlərlə heç vaxt kifayətlənməmişik və kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik”.

 

“Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün göstərdiyimiz səyləri sonadək dəstəkləməyə davam edəcəyik. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə, bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”, - deyə Türkiyə lideri vurğuladı.

Deputat Cavid Osmanov: “Təmsil etdiyim bölgədəki bələdiyyələrin fəaliyyəti  məni qane etmir” - MÜSAHİBƏ

Sözügedən fikirləri AYNA-ya şərh edən Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun sözlərinə görə, parad Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin məntiqi nəticəsidir: “Bu gün Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfədir ki, qalib ordu kimi öz gücünü nümayiş etdirdi. Buna görə də bu parad hər birimizin fəxr edəcəyi, qürur hissi keçirəcəyi bir parad idi. Bu paradda müzəffər Ali Baş Komandanımız İlham Əliyev də çıxış edərək, xalqımızı təbrik etdi. Cənab Prezident Vətən müharibəsinin əhəmiyyətindən danışdı. Əlbəttə ki, Vətən müharibəsindəki qələbəmiz bizim milli qürurumuzun özünə qaytarılmasıdır”.

 

“Zəfər paradımızda dost və qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi və cənab Rəcəb Tayyib Ərdoğan bir daha Türkiyə və Azərbaycanın qardaş ölkə və bütün məsələlərdə bir yerdə olduğunu və bundan sonra da bir yerdə olacağını, qarşımızda yeni hədəflərin dayandığını bildirdi. O, 30 ilə yaxın vaxt ərzində işğal altında olan torpaqlarımızın vandallığa məruz qaldığını və Azərbaycanla birgə səyləri birləşdirərək azad edilmiş əraziləri yenidən quracaqlarını, nəinki bölgənin, hətta, dünyanın ən yaxşı məkanlarından birinə çevirəcəklərini vurğuladı”, - deputat deyib.

 

“Əlbəttə, bizim üçün böyük fəxrdir ki, məhz qardaş ölkə bugünkü sevincli günümüzdə, Vətən müharibəsinə həsr olunmuş Zəfər paradımızda özü şəxsən iştirak elədi, həm də Türkiyə Silahlı Qüvvələrinin zabit və əsgərləri bu pardda iştirak etməklə, bir daha bütün dünyaya mesaj verdilər ki, Azərbaycan və Türkiyə bütün məsələərdə bir yerdədir və bir yerdə olmağa davam edəcək”, - Osmanov vurğulayıb.

 

Müsahibimiz Azərbaycan və Türkiyəyə qarşı hələ də qərəzli mövqedən çıxış edənlərin olduğunu qeyd edib: “Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni hələ də həzm edə bilməyən islamafob, qeyri-insani addımları biruzə verən dairələr var. Xüsusən də bu məsələlərdə Qərb dairələrinin fəallığı nümayiş olunur və həm Türkiyə, həm də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər. Türkiyə Prezidentinin çıxışı həm də onlara bir mesaj idi ki, iki qardaş dövlət hər zaman bir yerdə olacaq, qarşıda duran bütün hədəflərə bir yerdə çatacaq və pis gündə də, yaxşı gündə də bir yerdə olacaqlar”.

Müəllif: Mərahim Nəsib