Keşikçidağ xəbərdarlığı: Tələyə düşmək olmaz!

Siyasət

16.07.2019 - 11:58

Politoloq: “Hazırda Gürcüstanda daxili siyasi mühit gərgindir və gərginlik ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin mövqelərini getdikcə zəiflədir”

 

İyulun 14-də Azərbaycan-Gürcüstan sərhədində, Keşikçidağda baş vermiş insident 3 gündür mətbuatda, sosial şəbəkədə qızğın müzakirə olunur. Hadisəni milli qürurumuza toxunan hərəkət kimi qiymətləndirənlər də var, daha ciddi təxribat ehtimalı üzərində dayanıb, bu təxribata uymamağa çağıranlar da.

 

Məsələni AYNA-ya şərh edən politoloq Zaur İbrahimlinin sözlərinə görə, Azərbaycan sərhədçisi ilə bağlı insidenti müzakirə edərkən aşağıdakı məqamlar və ümumi kontekst mütləq nəzərə alınmalıdır:

 

“1. Hazırda Gürcüstanda daxili siyasi mühit gərgin olaraq qalır və ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin mövqelərini getdikcə zəiflədir. Rusiyalı deputatlarla bağlı etirazlara laqeyd qala bilməyən Moskva eyni zamanda İvanişvilinin də çox zərbə almasında maraqlı deyil. Məhz buna görə Tbilisiyə qarşı iqtisadi sanksiyalar tətbiq edilmədi. Bu vəziyyətdə Prezident Zurabaşvili də daxil olmaqla İvanişvili komandasını xilas etmək, həm də öz simasını saxlamaq Kremlin əsas vəzifələrindən sayılır. Bunun ən yaxşı üsullarından biri daxili siyasi diskursu dəyişmək, ictimai diqqəti, vətəndaşları siyasi gündəlikdən yayındırmaqdır. Həmçinin İvanişvili komandasına xal qazandırmaqdır. Bunun ən optimal yolu isə Keşikçidağ məsələləsini yenidən aktuallaşdırmaqdır.

2. Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü dünən baş tutub. Üçtərəfli formatda görüşlər, hərbi təlimlər Rusiya tərəfindən ABŞ və NATO-nun layihəsi kimi nəzərdən keçirilir. Tbilisini Türkiyə və Azərbaycanla hərbi-siyasi müstəvidə əməkdaşlığı dərinləşdirməkdən çəkindirmək də Rusiyanın Cənubi Qafqazda əsas geosiyasi ev tapşırıqlarından biridir. Azərbaycanla ərazi mübahisələrinin qabardılması Türkiyə ilə münasibətləri də zərbə altında qoyacaq. Bir az əvvəl isə Rusiya TV-ləri Batumi və və digər turist zonalarının guya türklər tərəfindən alınaraq zəbt edilməsi barədə intensiv təbliğat aparırdı.

 

3. Gürcüstanla bağlı proseslər iyunun binici yarısında bu ölkənin Baş Naziri Mamuka Baxtadzenin ABŞ-a səfərindən sonra başaldı. ABŞ rəsmiləri faktiki olaraq Tbilisidən Anakliya limanının tikintisini dəstəkləməyi ultimativ şəkildə tələb etdilər. Bundan sonra hökumət bəyan etdi ki, limanın tikilməsi ilə bağlı konsorsiuma maliyyə öhdəliklərinin icrası ilə əlaqədar güzəşt ediləcək. Halbuki, az əvvəl konsorsiumla müqavilənin pozulması gündəliyə gəlmişdi. Rusiya XİN rəsmisi Karasin isə bildirmişdi ki, ABŞ bütün “qırmızı xətt”ləri keçir. Çünki Vaşinqtonda açıq bəyan etmişdilər ki, Tblisinin NATO-ya yolunu açmağa çalışırlar. Bu hadisələrin ardından Gürcüstanda daxili siyasi proseslər gərginləşdi və İvanişvili iqtidarı üçün real təhdidlər yaranıb. İndi Moskvanın əsas vəzifəsi 4 ilə əvvəl Moldovoda olduğu kimi İvanişvilini qorumaq və zaman udmaqdır. Bunun da əsas yolu milli hissləri körükləmək, “xarici düşmənə qarşı birləşmək” zərurəti yaratmaqdır.

 

4. İvanişvilinin hər zaman əsas vəzifəsi Gürcüstan-Azərbaycan əlaqələrində strateji inkişafı tormozlamaq, müəyyən həddə qədər durdurmaq olub. Azərbaycandan enerji daşıyıcılarının ixracından tutmuş, tranzit razılaşmaları və digər məsələlərdə hər zaman mövcud konsensusu pozmaq, həmçinin maksimalist mövqe tutulması da bu yanaşmanın təzahürüdür.

 

5. Azərbaycan təmkinini qorumalıdır. Topxana hadisələri ilə bağlı müqayisə aparmaq olar, amma indi fərqli zamandır, şərtlər fərqlidir. Bu məsələdə hökumətdən çox cəmiyyətimiz, diasporumuz fəal olmalıdır. Amma qurulan tələyə düşməmək şərtilə. Yuxarıda qeyd etdiyim səbəblərdən dolayı emosiyalara yol vermək olmaz. Bu addımların əsas məqsədi məhz Azərbaycanı emosional addımlara sövq etməkdir. Bütün strategiya buna hesablanıb. Diqqətli, təmkinli, müdrik və fəal olmağımız gərəkdir”.

Müəllif: Ayna.az