Ərdoğan, yoxsa Kılıçdaroğlu? – İkinci raunddan gözləntilər

Dünya

28.05.2023 - 10:15

Əziz Əlibəyli: “Bir çox faktorlar Ərdoğanın üstün olduğunu, Kələçdaroğlunun məğlubiyyəti ehtimalını yüksəldir”

Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Artıq qardaş ölkədə səsvermə prosesi başlayıb. Nəticələr gecə saatlarınadək bəlli olacaq. Seçki yarışı hazırkı Prezident, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanla müxalif ittifaq – “Millət İttifaqı”nın namizədi, cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu gedir.

İlk turda Ərdoğan 49,51 faiz, müxalifət lideri Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17 faiz səs yığıb. Ərdoğanın səs faizi çox olsa da, ilk turda qalib gəlmək üçün lazım olan 50+1 faiz səs baryeri keçilmədiyinə görə seçki ikinci tura qalıb. Sinan Oğan ikinci turda Ərdoğanı, “Ata İttifaqı”nda təmsil olunan digər siyasətçi Ümit Özdağ isə Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib. 

Türkiyədə gərgin mübarizə şəraitində keçən seçki prosesini qiymətləndirən ekspertlər Ərdoğanın ikinci turda qalib gəlmək şanslarının daha yüksək olduğu qənaətindədirlər. Lakin bəzi ekspertlər hesab edirlər ki, Kılıçdaroğlunun qalib gəlmə ehtimalını gözardı etməmək lazımdır.

Qardaş ölkədəki ikinci tur seçkilərlə bağlı proqnozlarını AYNA ilə bölüşən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, birinci turdan fərqli olaraq, ikinci turun özünəməxsus spesifikası var:

- İkinci turla bağlı proqnoz verərkən baxmalıyıq ki, namizədlər ikinci tura necə gedirlər. Açıq şəkildə görünən odur ki, “Cumhur İttifaqı”nın namizədi, hazırki Prezident ikinci turda daha güclü görünür. Müxalif “Millət İttifaqı” isə ikinci tura bir qədər zəif, parçalanmış, səs itirmiş formada gedir. Bunun səbəbləri çoxdur. Ən önəmli səbəb Kılıçdaroğlu cəbhəsinin seçki strategiyasındakı yanlışlıqlardır. Bu səhvlər birinci turda edildi. Məsələn, birinci turdan əvvəl seçki təbliğatında Kılıçdaroğlu “mütləq qalib gələcəyik” bəyanatı ilə seçiciləri inandırmışdı. Lakin ilk turun nəticələri müxalif seçicilərdə psixoloji məyusluğa gətirib çıxardı. Əksinə, Ərdoğanın seçiciləri daha da qələbəyə kökləndi. İndi müxalifət seçiciləri yenidən səsverməyə cəmləməkdə çətinlik çəkəcək.

- “Millət İttifaqı”nda parçalanma dedikdə nəyi nəzərdə tutursunuz?

- “Millət İttifaqı”nda əksqütblü ideoloji baxışlar cəmləşib. Məsələn, Zəfər Partiyası keysi göstərdi ki, HDP ilə DEVA ilə, Gələcək Partiyası ilə ciddi problemlər yarana bilər. Seçkilərin birinci turunda İttifaq daxilində tam açıqlanmayan narazılıqlar, gərginliklər, hətta istefalar oldu. Bu, əlbəttə, seçkiyə təsir göstərir. Seçici bu gün seçki məntəqəsinə bir qədər inamsız gedəcək, yaxud səsvermədən imtina edəcək. Müxalif seçicilər anlayır ki, Ərdoğanın Kılıçdaroğlunu birinci turda 5 faizə qədər səslə üstələməsi ciddi faktordur. Bu fərqi bağlamaq son dərəcə çətindir. Hətta mən deyərdim ki, Kılıçdaroğlunun gəlib o faizi aşması, qalib olması ehtimalı mümkünsüzdür.

Daha bir məqam “Millət İttifaqı”ndakı liderlərin ikinci tura baxışları və soyuq yanaşmalarının sezilməsidir. Böyük Millət Məclisində yetərsay qazanmış Temel Karamollaoğlu, Əli Babacan, Əhməd Davutoğlu üçün toxunulmaz hesab olunan millət vəkili sayı önəmlidir. Onlar “Millət İttifaqı” vasitəsilə parlamentdə yerlər əldə etdilər. Seçkilərdən dərhal sonra Babacanın “biz hökumətlə müxtəlif məsələlərdə müzairə tərəfi ola bilərik” söylədi. Bu, bir çox mətləblərdən xəbər verir. Anlaşılır ki, “Millət İttifaqı”nda parçalanma başlayıb. Bir çox qaranlıq məsələlər var ki, bunlar ikinci tura təsir göstərəcək. Üstəlik, müxalifəti dəstəkləyən seçicilərdə ruh düşkünlüyü var, bu, Kılıçdaroğlunun məğlubiyyətinə gətirib çıxaracaq.

- Son 15 gündə Kılıçdaroğlu təbliğat formasını dəyişdi, bir qədər radikallaşdı. Eyni zamanda, iddia ortaya qoyub ki, seçkiyə birinci turda gəlməyənləri də məntəqəyə gətirmək əzmindədir. Sizcə, son iki həftənin təbliğatı seçici fəallığını artıra bilməzmi?

- Seçici iştirakçılığı aşağı düşəcək. Birinci turdakı seçici fəallığının ikinci turda yaşanacağı ehtimalı azdır. Səsvermə hüququ olan Türkiyə vətəndaşlarının səsverməyə gəlişi 70, bəlkə də hələ 60 faizə enə bilər. Yenə də deyirəm, bu, müxalif seçicilərin ikinci turda Kılıçdaroğlunun qələbəsinə inamının itməsidir. Ərdoğanın mütləq qalibiyyəti görünür. Hesab edirəm ki, Ərdoğanın 53 faizlə qalib gəlmək ehtimalı böyükdür.

Kılıçdaroğlunun “Babala” TV-dəki 4 saatlıq müsahibəsini piar kampaniyası çərçivəsində bir çoxları uğurlu sayır. İki gün ərzində “YouTube”də Kılıçdaroğlunun müsahibəsinin 20 milyondan artıq izlənməsi kampaniya üçün önəmlidir. Amma həmin proqrama digər tərəfdən baxmaq lazımdır: Kılıçdaroğlu burada bir sıra suallara rahatladıcı cavablar verə bilmədi. Bu da seçicilərin beynindəki sualların sayını artırmış oldu. Bu baxımdan, Kılıçdaroğlunun “Babala” TV-dəki təbliğat xarakterli çıxışını seçicilərin inamını qaytarmaq, seçkilərə həvəs yaratmaq, birinci turda seçkilərə gəlməyənləri də prosesə cəlb etmək baxımdan heç da uğurlu görmürəm. Əksinə, bu çıxış müxalifətin namizədinin bir qədər də əleyhinə işləmiş oldu. Bir çox faktorlar Ərdoğanın üstün olduğunu, Kələçdaroğlunun məğlubiyyəti ehtimalını yüksəldir.

- Belə proqnozlar var ki, Türkiyə cəmiyyətində ciddi qütbləşmə olduğu üçün seçkilərin nəticəsi nə olur-olsun, ikinci turdan sonra qarşıdurmalar qaçılmaz olacaq. Türkiyədə seçkisonrası gərginliklərin müşahidəsi gözləniləndirmi?

- Şübhəsiz ki, qütbləşmə ciddidir. Qütbləşmə iqtidarın da istifadə etdiyi kəskin ritorikanın doğurduğu haldır. Amma bu, Türkiyədə meydanlarda qarşıdurmaya aparırmı, deməzdim. Bu, mayın 15-i üçün hazır olan ssenari idi, alınmadı. Ərdoğanın birinci turdakı qələbəsinin meydanlarda qarşıdurmalara gətirib çıxaracağı proqnozları çox idi. Əksər beynəlxalq ekspertlər gərginliyin meydanlara daşınacağını söyləyirdilər. Amma bu, alınmadı. İkinci tura gəldikdə isə bu turun psixoloji aurası fərqlidir. Ərdoğanın psixoloji olaraq üstünlüyü, onun qalib gəlməsi ehtimalının çox olması Türkiyə cəmiyyətində qəbul edilib. Ona görə də Ərdoğan qalib gələrsə ciddi qarşıdurmaların yaranacağı gözlənilmir. Çünki dediyim kimi, psixoloji olaraq müxalifət də Ərdoğanın öndə olduğunu, Kılıçdaroğlunun məğlub olmaq ehtimalının yüksək olduğunu qəbullanıb.

Müəllif: Anar Bayramoğlu