" HƏMAS və İsrail arasında aparılan danışıqların Qəzzada atəşkəs razılaşmasına gətirib çıxarmasından çox məmnunam”
“Türkiyə Qəzzada atəşkəs razılaşmasının icrasını yaxından izləyəcək”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstinin radikal HƏMAS hərəkatı nümayəndələri arasında əldə olunan razılaşmaları şərh edərkən deyib.
"Türkiyənin iştirakı ilə HƏMAS və İsrail arasında aparılan danışıqların Qəzzada atəşkəs razılaşmasına gətirib çıxarmasından çox məmnunam. İsrail hökumətini atəşkəs rejiminə əməl etməyə təşviq etmək üçün lazımi siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Donald Trampa, eləcə də qardaş ölkələrimizə, Qətərə və Misirə xüsusi təşəkkürümü bildirirəm”, - deyə qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə Fələstin probleminin həlli istiqamətində səylərini davam etdirəcək: “Biz 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla müstəqil, suveren və coğrafi baxımdan bitişik Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”.