“Azərbaycan və Ermənistan arasında sülh hər iki ölkə üçün yeni imkanlar yaradacaq”
“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir. Biz qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin olunmasının tərəfdarıyıq”.
AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
Türkiyə Prezidenti Azərbaycanın sülh gündəmini dəstəklədiyini vurğulayıb: “Biz Ermənistanın oxşar yanaşmasının şahidi olduq. Türkiyə isə öz növbəsində hesab edir ki, sülh mühiti bütün tərəflərin maraqlarına cavab verəcək, Bakı və İrəvan üçün yeni imkanlar pəncərəsi açacaq”, - Türkiyə lideri bildirib.
Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət yekunlaşmasının Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına təkan olacağına əminliyini bildirib.