İki ölkənin başçısı biri-birinə məktub göndəriblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. AYNA-nın xəbər verir ki, məktubda deyilir:
“Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edən qardaşlarımıza Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyirəm. Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram. “Bir millət, iki dövlət” şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik. Bu fürsətdən istifadə edərək pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edir, Zati-alinizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan əmin-amanlıq və rifah diləklərimi çatdırıram”.
Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana cavab məktubu göndərib.
Məktubda deyilir: “Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm. Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm. Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir. Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik. Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram”.