Əcnəbi COVID tələblərini azaldır, biz artırırıq: Roma papasından çox katolik olmaq?

Cəmiyyət

21.02.2022 - 11:17

Dünya ölkələri ard-arda “yaşıl pasport” tələbini aradan qaldırmağa başlayıb, Azərbaycanda isə üzərinə yenisi əlavə edilib

Fevral ayının 1-dən Gürcüstan hökuməti COVID-19 pasportlarının ölkə daxilində istifadəsinə qoyulmuş tələbi ləğv edib. Daha əvvəl də biznes sektoru COVID-19 pasportlarının tətbiqini böyük narazılıqla qarşılayıb və hökuməti bu sənədin ləğvinə çağırmışdı.

Ölkəmizdə isə fevral ayının 15-dən vaksin pasportuna dair tələblər dəyişib, məhdudiyyətlər daha da sərtləşdirilib. Belə ki, əvvəllər iki doza vaksin vurdurmayanlara şamil edilmiş məhdudiyyətlər fevralın 15-dən "buster" doza vurdurmayanlara da şamil edilir. Təbii ki, bu da müəyyən narazılıqlar yaradır.

Bunu insanların fəaliyyətini müəyyən qədər məhdudlaşdırmağın bir forması hesab edənlər də, əks mövqedə dayananlar da var. Elə həkimlərin də bir qismi söyləyir ki,  yay aylarına doğru pandemiya tamamilə səngiyəcək, bəşəriyyət COVID-19 təhlükəsindən xilas olacaq. Bir qismi isə pandemiyanın “Omicron” ştammı ilə sona çatacağına dair proqnoz verməyin hələ tez olduğu qənaətindədir.

AYNA bütün bunların fonunda, ictimaiyyət nümayəndələrindən ölkəmizdə COVID-19 pasportu ilə bağlı tətbiq edilən məhdudiyyətləri necə dəyərləndirdiklərini soruşub.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, bu cür qərarlar hər bir ölkədə mövcud vəziyyət nəzərə alınaraq verilir: “Gürcüstanda əhali bizdən iki dəfə yarım azdır, yoluxanların sayı isə 1 milyon nəfərə yaxınlaşır. Yəni əhalinin əhəmiyyətli hissəsi yoluxub və onlarda kollektiv immunitet vaksinasiyanın yox, yoluxmanın hesabına yaranıb. Statistikaya baxdığımızda, yoluxma və ölüm sayı 4 milyonluq əhali üçün olduqca yüksəkdir. Bizdə də vaksinasiya prosesi davam edir, yoluxanlar da çoxdur. Buna baxmayaraq, hesab edirəm ki, hazırkı dövr üçün “buster” dozanın qəbul edilməsi də zəruridir”.

“Statistikaya görə, hazırda ölkəmiz üzrə “buster” doza qəbul etmiş şəxslərin sayı əhali sayının dördə birini təşkil edir. Bu isə hələ kifayət etmir. Düzdür, təbii ki, “buster” doza da yoluxmadan xilas etmir. Lakin qlobal səviyyədə belə qərara gəlinib ki, “buster” doza xəstəliyin bir çox hallarda daha yüngül səviyyədə keçməsinə kömək olur. Ümumi yoluxmanın fonunda statistikaya görə, ölüm faizi aşağı düşüb. Bu da insanlarda təbii və ya vaksinləmə yolu ilə yaranmış immunitetin nəticəsidir”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, bizdə hazırkı məhdudiyyətləri məcburiyyət adlandırmaq olmaz: “Tarixə nəzər salsaq, “ispan qripi”ndə dalğaların biri yüngül olub və insanlar arxayınlaşıblar ki, adi qripdir. Lakin sonrakı dalğada 50 milyon insan ölüb. Buna görə də fikrimcə, etinasız yanaşmaq olmaz. Məhdudiyyətlərlə bağlı bizdə məcburetmə yoxdur. Amma məsələn, Avropa İttifaqına üzv olan Avstriyada vaksin olunmayan şəxslər 600 avrodan başlayaraq cərimə olunurlar. Həm də bu cərimələnmə bir dəfə ilə yekunlaşmır. Bizdə isə məcburi deyil. Məhdudiyyətlərin qoyulması bir çox dünya ölkələrinin praktikasında var. Bizdə vaksin olunmaq üçün məcbur edilmir. Peyvənd olunmayanlara məhdudiyyətlər qoyulur. Seçim sənindir. Bunu məcburiyyət adlandırmaq olmaz”.

“Bizim Konstitusiya və tərəfdaş çıxdığımız beynəlxalq normalara görə, insan hüquqlarını məhdudlaşdıra bilən hallar var. Onlardan biri də yoluxucu xəstəliklərin, epidemiyaların yayılması zamanıdır. Yəni burada qeyri-legitim məqam yoxdur. Düşünürəm ki, yoluxma ilə bağlı pik hədd keçiləndən sonra ölkəmizdə də yumşalmalara gediləcək. Əgər “Omicron” dalğasından sonra növbəti ağır dalğa gəlməsə, yumşalma ola bilər. Lakin belə proqnoz verənlər də var ki, “Omicron” səngiyən kimi “Delta” ştammı yenidən arealını genişləndirəcək. Əgər belə olmasa, o zaman bizdə də yumşalmalar olacaq”, - deyə Məmmədov fikrini tamamlayıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə artıq dünyanın bir çox ölkəsində COVID-19 pasportları ilə bağlı tətbiqə yenidən baxıldığını, bəzi ölkələrdə ləğv edildiyini diqqətə çatdırıb: “COVID-19 pasportu barədə məhdudiyyətlərin mart-aprel aylarında bir çox ölkələrdə tamamilə ləğv ediləcəyi də gözlənilir. Təcrübə göstərdi ki, COVID-19 pasportu virusa qarşı mübarizədən çox insan haqlarının məhdudlaşdırılması ilə yadda qaldı. Buna görə dünyada kütləvi etirazlara səbəb oldu. Mənə elə gəlir ki, Azərbaycanda da yaxın zamanlarda, ümumiyyətlə, COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məsələsinə baxılacaq. Vaksin pasportu kimi insan haqlarını kobud şəkildə pozan tətbiqlərin aradan qaldırılmasının zamanı yetişib”.

Müsahibimiz hesab edir ki, dünyanın bir çox ölkələri ilə paralel olaraq Azərbaycan da mart-aprel aylarında COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına çalışmalıdır: “Dünya da anladı ki, kollektiv immunitet yaranıb. “Omicron” ştammından sonra virus zəifləyib, ölüm halları azalıb. Azərbaycanda vaksinasiyanın da yüksək səviyyədə aparıldığını nəzərə alsaq, bu məhdudiyyətlərin aradan qaldırılmasının tam zamanıdır. COVID-19 pasportu ilə bağlı tətbiq isə ümumiyyətlə, ləğv edilməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov heç bir məhdudlaşdırmanın tərəfdarı olmasa da, deyib ki, məhdudlaşdırma hüquqda qəbul edilən meyardır: “Hətta ən çox istinad etdiyimiz 1950-ci il Avropa Konvensiyasında ifadə olunan hüquqi mövqeyə əsasən də, azadlıqlar qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. O azadlıqlar məhdudlaşdırılır ki, bununla daha vacib olan hüquq və azadlığın pozuntusunun qarşısı alınsın”.

Konkret COVID-19 pasportu ilə bağlı məhdudiyyətlərə gəlincə, deputatın sözlərinə görə, bu, son nəticədə daha vacib olan yaşamaq azadlığının təmininə yönəlib: “Son iki il ərzində elə bir insan yoxdur ki, hansısa yaxını, tanışı koronavirusun qurbanına çevrilməsin. İnsan həyatından söhbət gedirsə, gerisi təfərrüatdır. Digər tərəfdən, özümüzə sual verək: “buster” dozanın tətbiqi ilə vətəndaş nə itirir? Peyvəndləmə dövlət hesabına həyata keçirilir, məqsəd elə vətəndaşın özünün həyati risklərini minimuma endirməkdir”. 

“Üstəlik, nəzərə alaq ki, bu məhdudiyyət yalnız Azərbaycanda tətbiq olunan mexanizm deyil. Hətta daha ağır karantin qaydalarının hökm sürdüyü Avropa dövlətləri var. Bu mənada “buster” dozası ilə bağlı məhdudiyyətin daimi yox, müvəqqəti xarakter daşıdığını nəzərə alaraq situasiyanı qəbuledilən sayıram”, - deyə o vurğulayıb.

Gürcüstanda COVID-19 pasportunun ləğvi ilə bağlı nümunəyə qaldıqda, Məhərrəmov bunu həmin ölkənin daxili işi olaraq qiymətləndirib: “Bilirsiniz ki, elə dövlət oldu, hətta pandemiyanın ən tüğyan etdiyi dövrlərində, ümumiyyətlə, heç karantin tətbiq etmədi. Yaxud elə dövlət var ki, açıq havada maskadan istifadə hələ də məcburi tədbir kimi davam edir. Yəni hər bir ölkənin pandemiya ilə mübarizədə öz səhiyyə siyasəti var. Lakin son nəticədə mən hesab edirəm ki, insan həyatı ilə risk etmək olmaz və bu müvəqqəti qaydalara məhdudiyyət yox, pandemiya ilə mübarizə və milli genefondumuzun qorunmasını hədəfləyən milli təhlükəsizlik tədbiri kimi yanaşaq”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da tələblərin yumşaldılmasının tərəfdarıdır: “Artıq Avropa İttifaqı bu qadağaları aradan götürməyi qərarlaşdırıb. Niderland, Fransa, Böyük Britaniya, Danimarka, Norveç hökuməti qadağaları artıq götürüb. Məcburi dozaların qəbul olunması, hər həftə götürülən yaxma testləri barədə dəfələrlə yazmışam. Mən 2020-ci ilin fevral ayından bunun bioloji müharibə olduğunu demişəm. Bu virusun yayılması bəşəriyyətə vurulan zərbədir. İnsanların hüquqları məhdudlaşdırılır. İnsanlar psixoloji travma alırlar, həyatlarında dəyişikliklər olur. Təhsil səviyyəsi aşağı düşdü, iqtisadiyyat çökdü. Bütün bunların hamısı insan hüquqlarının pozulması deyilmi?!”.

“Nazirlər Kabinetinin qərarı da, digər qaydalar da Konstitusiyadan üstün ola bilməz. Bu qadağaların tətbiq olunması Azərbaycan Konstitusiyasına ziddir. Məcburi qadağalar insan hüquq və azadlıqlarını məhdudlaşdırır, sağlamlıqlarına ziyan vurur. Düşünülməmiş qadağalar, qaydalar - hamısı bəşəriyyətə qarşıdır. Məcburi qadağaların nəticəsi sonra özünü göstərəcək. Gələcək nəsillərə ciddi təsirlərini müşahidə edəcəyik”, - deyə hüquq müdafiəçisi vurğulayıb.

Müəllif: Aləmdə Nəsib