Düşmən İT ilə silahlanır: biz nə etməliyik?

Aktual

14.09.2022 - 18:49

Deputat: “Bu qədər İT mütəxəssisinin eyni anda Ermənistana köç etməsi inandırıcı deyil”

Ekspert: “50 min İT mütəxəssisinin Ermənistanda bir araya gəlməsi ciddi siqnal olmalıdır”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 50 min İT (İnformasiya Texnologiyaları) mütəxəssisinin Ermənistana köçdüyünə dair fikirlər səsləndirib. Deyib ki, bununla bağlı rəqəmləri Ermənistan iqtisadiyyat nazirinin çıxşından götürüb: “Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə də bu barədə danışıb”.

Onun sözlərinə görə, düşmən ölkə bu yolla öz iqtisadiyyatını böyütməyə çalışır: “Qısa zaman ərzində 50 minlik yüksək ixsaslı İT mütəxəssis ordusu əldə ediblər. Bir anda hazır İT şirkətləri, sahibkarları qazanıblar. Onların elə əvvəldən də dünya bazarına çıxan milyardlıq bir-iki resursları, diaspordan milyonlarla investisiya alan çoxsaylı startapları vardı”.

“İndi biz nə etməliyik? Gözləməliyik ki, düşmən ölkə  qısa bir zaman ərzində dövlət büdcələrini kəskin artırsın, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursun, özlərinin nəhəng kadr korpusunu hazırlasın, milyardlar gətirən rəqəmsal startaplar yaratsınlar? Düşünürəm ki, hökumətimiz, qərar qəbul edənlər baş verənlərə ciddi yanaşmalıdır. Ciddi təhlillər, proqnozlaşdırmalar edilməlidir”, - deyə Gündüz bildirib.

Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış deputat Arzu Nağıyev mövzu ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, Ukraynada baş verənlərdən sonra Gürcüstan və Ermənistana köç edənlərin sayı artıb: “Lakin 50 min İT mütəxəssisinin Ermənistana köç etməsinə dair məlumatlı deyiləm. Əslində bu, bir o qədər də inandırıcı informasiyaya oxşamır. Lakin Ukraynadan olan xeyli sayda insanın həm müharibədən öncə, həm də sonra müxtəlif ölkələrə köçü baş verib”.

“Konkret olaraq onların hansı sahələrdə çalışmaları barədə xəbərsizəm. Təbii ki, aralarında informasiya texnologiyaları sahəsində çalışan şəxslər də ola bilər. Lakin sayları bu qədərdirmi, yoxsa şişirdilmiş rəqəmlərdirmi, bu barədə fikir yürütməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, bu qədər İT mütəxəssisinin eyni anda Ermənistana köç etməsi şişirdilmiş informasiyadır”, - deyə həmsöhbətimiz vurğulayıb.

Azərbaycanın da son illərdə bu sahəyə xüsusi diqqət ayrıdğını bildirən deputat əmindir ki, müasir texnologiyaları inkişaf etdirmədən ciddi uğurlara nail olmaq mümkün deyil: “Azərbaycanda gənc nəslin proqramlaşma və ixtira fəaliyyətlərinə artan marağı, onların süni intellektə qatqı verə biləcək layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi, ölkəmizin kosmik peykinin orbitə buraxılması, gənclər üçün xaricdə təhsil proqramları zamanı bu ixtisaslara xüsusi önəm verilməsi təqdirəlayiq haldır. Heç şübhəsiz ki, bu fəaliyyət davam etməlidir. Əminəm ki, edəcək də”.

“Bu, həm dövlət büdcəsinin, həm insan kapitalının artmasına, habelə qeyri-neft sektorunun tərəqqisinə təkan verəcək. Cənab Prezident İlham Əliyev dəfələrlə insan kapitalının artırılmasının zəruriliyini qeyd edir. Rəqəmsal inkişaf qarşımızda duran əsas hədəflərdən və Azərbaycan hökumətinin elan etdiyi prioritet istiqamətlərdən biridir”, - deyə Nağıyev fikrini yekunlaşdırıb.

“Maxtexno” şirkətinin direktoru, İT mütəxəssisi İlqar Cəfərov isə AYNA-ya şərhində Osman Gündüzün araşdırmalarının səhihliyinə şübhə etmədiyini deyib: “Bu barədə dəqiq məlumatlara malik deyiləm, lakin məlumatına inandırıcılığını istisna etmirəm. Ermənistana 50 min İT mütəxəssisinin köçməsi rəqəmsal texnologiyalar sahəsində onların inkişafına səbəb olacaq. Güman ki, müxtəlif layihələri, startapları Azərbaycanın əleyhinə yönəldəcəklər. Media üzərindən savaşı, informasiya və texnoloji savaşı da bu sıraya əlavə etsək, vəziyyətin kifayət qədər ciddi olduğunu söyləyə bilərik”.

“Əslində, onlar Ermənistana getməzdən öncə də bu işləri həyata keçiriblər. Xaricdən, müxtəlif dövlətlərin ərazisindən bu işləri görüblər. Bu gün isə kütləvi şəkildə Ermənistana köçürlərsə, bu, bizim üçün bir həyəcan siqnalı olmalıdır. Kifayət qədər ciddi rəqəmdir”, - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, hansı sahədə çalışmalarından asılı olmayaraq ermənilərin xisləti bəllidir: “Onlar bu məsələdən də ölkəmizə qarşı istifadə edəcəklər. 44 günlük Vətən müharibəsi dövründə, ondan əvvəl və sonra Azərbaycana qarşı müxtəlif cəbhələrdən, eləcə də virtual cəbhədən hücumlar təşkil edilib. Onların bir yerə toplaşması qaranlıq və ciddi mətləblərdən xəbər verir”.

Ölkəmizdə də rəqəmsal mütəxəssislərin yetişdirilməsinə xüsusi önəm verilməli olduğunu deyən Cəfərovun fikrincə, bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət yürüdülməlidir: “Müasir dünyanın inkişafı rəqəmsal texnologiyaların inkişafından bilavasitə asılıdır. Bu mənada biz də bu sahənin inkişafına xüsusi diqqət ayırmalıyıq. Gənclər arasında bu sahəyə olan maraqdan düzgün bəhrələnməliyik. Akademik səviyyədə, tədris müəssisələrində İT mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Müharibə təkcə hərbi cəbhədə getmir. Müasir şəraitdə əsas mübarizə üsullarından biri də informasiya texnologiyalarıdır”.

Müəllif: Azər Niftiyev