Dünyadan xəbərsiz rus cəmiyyətində antaqonizm: Solovyovdan Ovsyannikovaya - VİDEO

Aktual

17.03.2022 - 10:16

O, öz döyüşçü ritorikası ilə Jirinovskini belə, üstələmək qərarına gəlib, amma...

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 22-ci günüdür. Bu müddət ərzində Ukrayna ilə mövqe müharibəsində böyük itkilər verən və bataqlığa düşmüş “döyüşə hazır” Rusiya ordusu haqqında mif artıq məhv edilib. Rusiya iqtisadiyyatı Qərblə genişmiqyaslı geosiyasi qarşıdurma və Kremlin hədsiz imperiya ambisiyaları səbəbindən özünü ciddi sanksiya məngənəsinə salıb.

Kreml Rusiya ictimai rəyinin dəstəyini qazanmaq üçün müharibə ritorikasını və yalan təbliğatını gücləndirməklə Ukraynadakı hərbi uğursuzluqlarını kompensasiya etməyə hazırdır. Qərbin sanksiyalarından şəxsən təsirlənən Kreml təbliğatçısı Vladimir Solovyov artıq yavaş-yavaş depressiyadan çıxır. İndi Putin rejiminin bu apologeti yenə od püskürür və Avropa ölkələri və NATO-ya qarşı birbaşa təhdidlər səsləndirir.

Kreml təbliğatı rasional arqumentlərdən daha çox tamaşaçıya təsir edən emosional obrazlar yaratmağa müvəffəq olub. Bu təsvirlər müvafiq emosiyaları, ilk növbədə qorxu və nifrəti oyatmaq üçün nəzərdə tutulub. Xarici aləmdən təcrid olunmuş cəmiyyət olan Rusiya əyalətləri üçün illüziya dünyası yaradan Kreml təbliğatı faktları və reallığı təhrif edir, onun xaricdəki hərəkətlərinə dəstək effekti yaratmağa və milyonlarla rusu yalana bağlamağa çalışır.

Şüuraltı səviyyədə bu taktika Rusiyanın bütün problemlərinin Qərbi məğlub etməyincə həll edilə bilməyəcəyi fikrini gücləndirir, sanki ölkənin bütün bəlalarının mənbəyi məhz odur. Və Rusiyanın hərbi uğursuzluqları fonunda Solovyov yenidən bu münasibəti dilə gətirib.

Kremlin təbliğatı rus kütlələrini Ukraynaya qarşı hərbi təcavüzü dəstəkləməyə inandıra bilməsə də, onun manipulyasiyası bir çox rusları Kremlin qərarının nəticələrinə susaraq dözməyə məcbur edib. Rusiyanın müxtəlif şəhərlərində bir neçə min insan müharibə əleyhinə aksiyalara çıxdı, lakin onlar mövcud vəziyyətə çətin ki, təsir edə bilirlər.

Kreml təbliğatının onilliklər ərzində yaratdığı mifləri məhv etmək çox çətin işdir. Əksər ruslar Putin rejiminin onları cəlb etdiyi faciənin miqyasını anlamaq üçün Kremlin Ukraynada törətdiyi dəhşətli cinayətlərdən xəbərsizdir. Onların gözləri önündə cərəyan edən və dünyanın total məhv müharibəsinə cəlb olunmasına səbəb ola biləcək faciə onlar üçün tam anlaşılmazdır. Onlar Kremlin təbliğatının yaratdığı illüziyalı dünyada yaşayırlar.

Bununla belə, vətəndaş şüurunu oyatmaq cəhdləri dayanmır. Və onların seriyasında ən cəsarətli hərəkət müharibə əleyhinə posterlə canlı xəbər yayımına girən “Birinci kanal”ın redaktoru Marina Ovsyannikovanın hərəkəti idi.

Bir az sonra sosial şəbəkələrdə daha bir video peyda oldu – bu videonu redaktor canlı etirazdan əvvəl lentə almışdı. O, orada Ukraynada baş verənləri cinayət, Rusiyanı təcavüzkar adlandırır və uzun illər Rusiya televiziyasında təbliğatla məşğul olduğuna görə utandığını bildirir.

Kremlin Ukraynaya qarşı müharibəni dayandıra bilməyəcəyini etiraf etdiyi videosunu silən Solovyovdan fərqli olaraq, Ovsyannikova öz əməlinin onun üçün həbslə bitəcəyini bilirdi. Bu, həm də onun Putin rejiminin apologeti olan Solovyovdan əsas fərqidir. O, öz döyüşkən ritorikası ilə Vladimir Jirinovskini əvəz etmək və ondan üstün olmaq qərarına gəlib, baxmayaraq ki, artıq Rusiyanın məhvə yaxınlaşdığını etiraf edib…

Müəllif: Asif Aydınlı