Dövlət xəzinəsinin 2022 konturları və paralelindəki gözləntilər: bahalaşma davam edəcək

İqtisadiyyat

12.11.2021 - 21:12

Qubad İbadoğlu: “Pensiyaların artırılması imkanları məhdudlaşdırılıb”

Xalid Kərimli: “Vergilərin və gömrük rüsumlarının artırılması nəzərdə tutulub”

Milli Məclis gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlayıb. Artıq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu məqsədlə bir araya gəlib. Qarşıdakı günlərdə digər komitələrdə də müzakirələrin aparılacağı gözlənilir. Gələn həftə isə Milli Məclisin plenar iclaslarında məsələ yekun müzakirəyə çıxarılacaq və ali dövlət sənəndinin qəbul edilməsi gözlənilir.

Dövlət büdcəsi ilə bağlı aparılan müzakirələrin fonunda ölkəboyu müşahidə edilən bahalaşma da ciddi müzakirə mövzusudur. Bu fonda, 2022-ci ilin dövlət büdcəsi ölkəmizə hansı yeniliklər vəd edir?

Böyük Britaniyada yaşayan iqtisadçı alim, professor Qubad İbadoğlu AYNA-ya deyib ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 22,5 faiz artırılması nəzərdə tutulur: “Hesablama Palatasının rəyindən bu qənaətə gəlmək olar. Bu, o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq. Bundan daha çox pay götürən isə icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil  və səhiyyə işçiləri olacaq. Beləliklə də bu ilin sonuna orta aylıq əmək haqqının 742,8 manata, gələn ilin sonuna isə 807,3 manata çatacağı proqnozlaşdırılır”.

“Hazırda büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlərdə orta aylıq əmək haqqı səviyyəsi respublika üzrə orta aylıq əmək haqqından aşağıdır. Büdcənin əmək haqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirlərinin cari ilə nisbətən 24,7 faiz çox olması proqnozlaşdırılır. Bunun müqabilində də gələn ilin dövlət büdcəsindən Sosial Müdafiə Fonduna transfer 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, gələn il İşsizlikdən Sığorta Fondunun vəsaitləri artırılsa da, işsizlərin sığortasına ayrılacaq vəsait azalacaq: “İşləyənlərin və işəgötürənlərin ödənişləri hesabına formalaşan işsizliyə görə sığorta fondunun 2022-ci il üçün gəlirləri 23 milyon manatadək artırılıb, 180 milyon manata çatdırılması nəzərdə tutulsa da, ondan işizlərin faydalanması imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, işsizliyə görə sığorta ödənişləri 2020-ci ildə 10 milyon manat nəzərdə tutulsa da, onun 1,9 milyon manatı xərclənib. 2021-ci ildə 13 milyon manat nəzərdə tutulsa da, onun 8,5 milyon manatının  xərclənməsi gözlənilir”.

“226 adda dövlət rüsumlarının qaldırılması əhaliyə gələn il üçün əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq. Belə ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır. Göründüyü kimi, rüsumların artımı əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu indiki dövrdə xərcləri əhəmiyyətli dərəcədə artıracaq. Rüsumların artımı, həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək”, - deyə İbadoğlu vurğulayıb.

Əlavə edib ki, qarşıdakı dövrlərdə benzin və digər yanacaq məhsullarının da qiymətlərinin artacağı gözlənilir: “Ümumilikdə isə söylədiyim kimi, bahalaşmanın davam edəcəyi və demək olar ki, bütün sahələri əhatə edəcəyi gözlənilir”.

İqtisadçı alim Xalid Kərimli də AYNA-ya açıqlamasında bahalaşmanın davam edəcəyi qənaətində olduğunu söyləyib: “2022-ci ildə ölkə iqtisadiyyatında neft sektoru yenə hakim mövqedə qərarlaşacaq. Xüsusən Neft Fonduna transfertlər büdcə üçün yenə də aktualdır. Büdcənin 54 faizi neft və qaz sektorlarından daxil olan gəlirlər hesabına formalaşacaq. Onun da 86 faizi Neft Fondundan daxil olan transfertlər hesabına əldə ediləcək. Bu baxımdan qarşıdakı ildə də büdcənin neftdən asılılığı davam edəcək. Büdcənin gəlir hissəsində isə vergilərin və gömrük rüsumlarının artırılması nəzərdə tutulub”.

“Bu, iqtisadi bərpa və canlanmanın davam etməsi və qiymət səviyyəsinin artması ilə izah olunur. Büdcənin xərclər hissəsinə gəldikdə isə büdcə sosial yönümlü olaraq qalacaq. Cari xərclər gələn il də büdcə xərclərinin əhəmiyyətli hissəsini təşkil edəcək. İnvestisiya xərcləri hissəsində isə Qarabağın bərpasına 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ümumi xərclərin 7,5 faizinə bərabərdir. Eyni zamanda sosial ödənişlər və əmək haqlarının artırılması da nəzərdə tutulub. Biz yaşayış minimumlarının, ehtiyac meyarının və minimum əmək haqlarının artırılmasını da gələnilki büdcədə müşahidə edirik”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bir ildən artıqdır həm qida, həm də qeyri-qida məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur: “Burada əsas səbəb qlobal miqyasda baş verən proseslər, pandemiyanın gətirdiyi problemlər, dəyər zəncirinin dağılması, daşınma xərclərinin kəskin artması, işçi qüvvəsinin yenidən cəlb edilməsi, istehsal-anbar ehtiyatlarının əsas etibarilə sıradan çıxması ilə bağlıdır. Bütün bunlar ona gətirib çıxardı ki, ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşmağa başladı. Dünya miqyasında bu proses hələ yekunlaşmayıb”.

“Qarşıdakı dövrlərdə də bahalaşmanın davam edəcəyi gözlənilir. Dünya mərkəzi bankları 2022-ci ildən tədricən pul dəyərini artırması tədbirləri və dəyər zəncirindəki problemlərin yumşaldılmasını həyata keçirəcək. Gözləntilər əsasən bununla bağlıdır. Bu da 2022-ci ilin ikinci yarısından müşahidə edilməyə başlayacaq. Baş verənlər dünyanın mərkəzi banklarını vadar edir ki, tədricən anti-inflyasi tədbirlərini gücləndirsinlər. Qarşıdakı dövrlərdə biz bunu daha çox müşahidə edəcəyik. Eyni zamanda, idxalla əlaqədar olaraq Azərbaycanda bahalaşma dalğası önümüzdəki aylarda da davam edəcək”, - deyə Kərimli fikirini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev