Dövlət medianı maliyyələşdirməlidirmi: <font color=red> “Bəli”, “Qismən”, “Xeyr”</font>

Cəmiyyət

06.07.2021 - 20:20

Mətbuata dövlət dəstəyi ətrafında yeni polemika – və yenə fikirlər haçalanır

 

Bu yaxınlarda Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fəaliyyətini tənqid etdi. “Mehman Əliyevin açıqlamaları onun media sahəsindəki ümumi dövlət siyasətindən razı olmadığını sübut edir”, - deyə “Milli.az”-da yayımlanan “Mehman Əliyevin MEDİA-ya qarşı arqumentləri həqiqətdə təsdiqlənmir” başlıqlı məqalədə deyilir.

 

“Turan” agentliyinin direktorunun sözlərinə görə, mediaya yardım göstərərkən, əvvəllər Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, indi isə Media İnkişaf Agentliyi media qurumlarını nəzarətə götürmək istəyir.

 

M.Ələsgərli isə bunun belə olmadığını iddia edib: “Bir qayda olaraq, dediklərinin doğruluğunu sübut etməyə çalışan Mehman Əliyev Qərb ölkələrinin təcrübəsindən götürülmüş nümunələr gətirir. Ancaq, nədənsə Mehman Əliyev mediaya lazımi zamanda maddi dəstəyin Qərbdə normal media mühitinin formalaşmasının vacib hissələrindən biri olması barədə heç nə demir”.

 

Yazı müəllifi AYNA-ya açıqlamasında onu da fikirlərinə əlavə edib ki, pandemiyadan sonra Qərb ölkələrində mediaya ayrılan maddi yardımın miqdarı xeyli artıb.

 

Mehman Əliyevdən Müşfiq Ələsgərlinin açıqlamalarına münasibət bildirməsini istədik. “Mən heç vaxt deməmişəm ki, dövlət mediaya kömək etməsin. Dövlət mediaya kömək etməlidir. Ancaq bu yardım plüralizmi pozan və dezinformasiya yayan KİV-lərə edilməməlidir”, - deyə o AYNA-ya açıqlamasında bildirib.

 

Agentlik direktorunun fikrincə, mediaya dövlət yardımı plüralizmin və söz azadlığının təmin edilməsinə yönəldilməlidir: “Ancaq bu, Azərbaycanda baş vermir. Məsələn, dövlətdən maliyyə yardımı alan televiziya kanallarımız yalnız dövlət qurumlarından qaz və elektrik enerjisi qiymətlərinin artmasına haqq qazandıran şəxslərə efir verir. Lakin bu televiziya şirkətləri qiymət artımını tamamilə əsassız hesab edən ekspertlərə efir vaxtı verməkdən imtina edirlər. Bu, dövlətdən maliyyə yardımı alan qəzetlərə də aiddir”.

 

Əliyev xatırladıb ki, “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar jurnalistlərdən yalnız həqiqəti deməyi və yazmağı tələb edir.

 

“Yeni Nəsil” jurnalistlər birliyinin rəhbəri Arif Əliyev isə o fikirdədir ki, dövlət heç bir halda medianı maliyyələşdirməməlidir: “Dövlət mediaya dəstək olmalıdır. Bu dəstək medianın inkişafına kömək edən bir qanunun qəbul edilməsi ilə qanunvericilik səviyyəsində təmin edilə bilər. Bu dəstək medianın fəaliyyəti üçün zəruri olan texnologiyaların inkişafını da əhatə edə bilər”, - deyə o, AYNA-ya şərhində qeyd edib.

 

Jurnalistin sözlərinə görə, mediaya müxtəlif vergi, nəşr və nəqliyyat güzəştləri də edilə bilər: “Dövlət müasir mətbəələrin və yeni rabitə vasitələrinin yaradılması üçün vəsait ayıra bilər. Bütün media bu üstünlüklərdən istifadə etməlidir. Ancaq məmurlarımızın fikrincə, dövlət tərəfindən medianın dəstəyi ehtiyac duyduqları nəşrlər arasında pul paylanmasından ibarət olmalıdır. Və bu metod medianın inkişafına kömək etmir”.

Müəllif: Rəşad Rüstəmov