Dövlət həyəcan siqnalına cavab verməlidir: <font color=red> KİTAB BAĞLANIR</font>

Cəmiyyət

28.05.2020 - 14:52

“Bununla bağlı hökumətə müraciətlərimiz olub, təəssüf ki, müsbət cavab ala bilməmişik”

 

Ölkəmizdə kitab oxunması səviyyəsi Sovet dövrünə nisbətən daha aşağı düşüb. Bu gün insanımız əsas vaxtını internetdə keçirməyə üstünlük verir. Kitab oxuyanlar da, əsasən köhnə nəşrlərə meyillidirlər, yeni kitablara maraq yetərli səviyyədə deyil. Üstəlik, pandemiya ilə əlaqədar insanların alıcılıq qabiliyyəti də aşağı düşüb.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev AYNA-ya şərhində deyib ki, yerli kitab biznesinin bərpa olunması üçün ən azı 6 ay vaxt lazımdır: “Tələbə və şagirdlər yeni dərs ilində dərsə qayıtdıqdan sonra daha çox alıcı olacaq. Artıq bir çox kitab mağazaları açıqdır, amma indiyə qədər kitab mağazalarına gələn alıcıları görmədim; insanların indi kitab almağa vaxtları yoxdur. Dövlət yardım etdi, əlindən gələni etdi, əks təqdirdə sahibkarlar özlərinə güvənməli olacaqlar. Dövlətin bu gün ölkə iqtisadiyyatı üçün daha vacib olan bir çox vəzifələri var”.

 

“Karantində insanlar oxumağa daha çox vaxt ayırdılar, amma sosial şəbəkələrdə apardığımız monitorinq zamanı kitabları azyaşlı uşaqları olanlar, eləcə də subay insanların oxuduqlarının şahidi olduq. Eyni zamanda, internetdə müəlliflərin öz kitablarını pulsuz və təmənnasız kimlərəsə verməkləri barədə elanlara da rast gəlinir”, - Ağayev bildirib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya açıqlamasında kitabların üzərindən əlavə dəyər vergisinin (ƏDV) qaldırılması məsələsinə toxunub: “Kitablara 18% ƏDV çoxdur, istərdim ki, hökumət bu barədə düşünsün. Bu məsələ pandemiyadan əvvəl müzakirə edildi, amma indi xüsusilə aktualdır. Kitab biznesinə bu dönəmlərdə hər hansı kömək göstərmək real ola bilməz, amma tədricən bu problem həll edilməlidir”.

 

Qeyd edək ki, Rusiyada pandemiya ilə əlaqədar kitab satışında ƏDV-nin azaldılması və ya ləğvi məsələsi qaldırılıb. “Polyandria” Nəşriyyat Evinin həmtəsisçisi Darina Yakuninanın sözlərinə görə, 2020-ci ilin sonuna qədər uşaq kitablarında ƏDV 0%-ə (indi 10%-dir), böyüklər üçün 10%-ə (indi 20%-dir) salınmalıdır: “Bu, kitab satışına, alışına və oxunmasına müsbət təsir edəcək. Çoxları qiymətləri hazırkı səviyyədə saxlayır və yalnız bunun nəticəsində onlar ayaqda qalır və işlərini davam etdirir, iş yerləri yaradır və kitab nəşr etdirir”.

 

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli AYNA ilə söhbətində, ölkəmizdə pandemiyadan əvvəl də kitab sahəsində  problemlərin olduğunu söyləyib: “Azərbaycanda mağazaların ümumi sayı 300-dür və bu, respublikamız üçün çox azdır, daha çox olmalıdır. Kitabların əsas alıcıları (gənclərin kitab oxumaması ilə bağlı yaranmış stereotiplərin əksinə olaraq) 18-30 yaş arasındakı gənclərdir. Onlar da, əsasən elektron variantı seçirlər”.

 

“Pandemiya kitab biznesinə çox böyük ziyan vurdu. Məsələn, yeddi kitab dükanımız var, onlardan 4-ü ticarət mərkəzlərindədir və hələ də işləmir. Qalanları uzun müddət fəaliyyət göstərmədi. Kitab şəbəkəmizdə alıcıların maraqlandıqları kitabları ala biləcəkləri bir veb sayt var və onlayn satışların sayı artıb. Karantin zamanı insanlar psixologiya, motivasiya haqqında daha çox kitab oxumağa başladılar, təcrid olunaraq müsbət bir şeylər oxumaq istədilər. Ancaq onlayn satışlar normal satışın hətta 1/3 hissəsini təşkil etmir”, - Köçərli deyib.

 

“Mövcud iqtisadi vəziyyət başlanğıc ola bilər və sıxıntılı proses hələ uzun müddət davam edəcək. Dövlətdən müəyyən ödəmələr oldu, lakin ödənişlər itkilərin yalnız bir hissəsini kompensasiya edir. İndi müştəriləri cəlb etmək üçün çalışırıq, o cümlədən endirim aksiyalarına başlayırıq. Mağazalarımız sanitar və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərir, çünki karantin müddəti hələ bitməyib. Müştərilərin evdən çıxmamaları və özlərini risk altına atmamaları üçün ünvana çatdırılma xidmətini də göstəriririk”, - müsahibimiz vurğulayıb.

 

N.Köçərlinin sözlərinə görə, onların kitab mağazaları şəbəkəsi iqtisadi böhrandan çıxa bilsə də, bir çox digər kitab mağazaları iflasa uğrayıb: "İndi biz hamı kimi eyni ƏDV-ni ödəyirik, baxmayaraq ki, bir çox ölkələrdə çap məhsullarına görə vergi ödənilmir və ya minimum vergi tutulur. Bununla bağlı hökumətə müraciətlərimiz olub, təəssüf ki, müsbət cavab ala bilməmişik. İstərdim ki, dövlət bizə güzəştli vergi tətbiq etsin və kitablar ən azı növbəti altı ay ərzində bütün vergilərdən azad olunsun”.

Müəllif: Elya Belskaya