Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib

Xəbərlər

24.02.2021 - 12:52

Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görülür

 

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gecə boyu gücləndirilmiş iş rejimində çalışıb. AYNA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, gecədən başlayaraq Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

 

Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görüb.

 

Agentliyin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir: “Bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərdən mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edirik. Çünki onların hərəkətində mütləq şəkildə yaranacaq problem digər hərəkət iştirakçılarına da maneə törədəcək, bu isə yollarda sıxlığın yaranmasına gətirib çıxaracaq. Nəticədə agentliyin texnikalarının vaxtında problemli ərazilərə cəlb olunmasında ləngimə baş verə bilər”.

Müəllif: Ayna.az