Diqqətli olun: Bakıda “koronavirus qoruyucuları” peyda olub

Cəmiyyət

28.02.2020 - 20:53

Evləri dezinfeksiya etmək adı ilə ortaya çıxan şəxslər kimlərdir?

 

Hər tərəfdə koronavirus narahatlıqları yaşandığı vaxtda başqa bir müəmma ortaya çıxıb. AYNA-ya müraciət edən bir qrup vətəndaş şikayətlənib ki, evlərə dezinfeksiya xidməti təklif edən şəxslər gəlir. Fürsətçi kimi görünən həmin şəxslər evlərin qapısını döyür, sakinlərə 3-5 manat qarşılığında xidmət göstərməyi təklif edirlər.

 

Ən maraqlısı orasıdır ki, razı salınan sakinlərə pul qarşılığında xüsusi qəbzlər də verilir. Amma dezinfeksiya üçün hansısa zamanla bağlı suallara cavab verməyən o insanlar az sonra yoxa çıxırlar. Həmin şəxslər sakinlərdən əlaqə telefonları götürüb, guya onlara dezinfeksiya üçün münasib zaman barədə məlumat verəcəklərini bildirirlər.

 

Bu arada, vətəndaşlar arasında belə fürsətçilərdən ehtiyatlı olmaqla bağlı səs yazıları da yayılıb. Orada insanlara həmin “dezinfeksiyaçıxlara” inanmamaq xəbərdarlığı edilir.

Raminə Eyvazqızı