Dil dilemması: hər fikir həm haqlıdır, həm də haqsız

Aktual

10.03.2022 - 17:14

Və ya ucundadır dilimizin həqiqətin böyüyü

Rusiya-Ukrayna müharibəsində tərəf seçməyə gəlincə məlum oldu ki, sadə insanların əksəriyyəti müxtəlif səbəblərə görə, Ukraynanın yanındadır, ukraynalılara dəstək olur. Müşahidələrimizə görə, bu müharibədə digər tərəf olan qonşu ölkə Rusiyaya iş, təhsil və s. üçün üz tutan həmvətənlərimizin çoxluğu belə, bu mövqeyi dəyişməkdə bir çox hallarda yetərsiz qalır. İmperialist siyasəti pisləyən, demokratiyanın yanında olduğunu bəyan edənlər rusun təsirindən maksimum dərəcədə uzaq durmağın, bir sıra hallarda məruz qaldığımız və qala biləcəyimiz məcburi təsirlərə qarşı vaxtında tədbirli davranmağımızın gərəkliyini vurğulayırlar.

Təbii ki, bu müzakirələrin gedişatı zamanı, ən güclü təsir vasitələrindən olan hansı dildə təhsil almağın yeni nəslin formalaşmasında təsiri ilə bağlıdır. Bu zaman övladını rus bölməsinə qoyan valideynlərə də çağırışlar edilir, bundan çəkinmələri tövsiyə olunur. Təbii ki, bütün bunlar xalq arasında gedən müzakirələrin, aparılan diskussiyaların görüntüsüdür.

AYNA-da vaxtaşırı müzakirələrə səbəb olan bu mövzuda səsləndirilən arqumentlərə bir də həmsöhbətlərimizin baxışı ilə nəzər salmışıq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu məsələnin davamlı müzakirəyə çıxarılmasının tərəfdarı deyil: "Azərbaycan cəmiyyətində bu məsələ tez-tez müzakirə olunur. Bu məsələnin üstündə durmağın, davamlı müzakirəyə çıxarmağın tərəfdarı deyiləm. Azərbaycan dilində işimizi kifayət qədər yaxşı qurmuşuq. Bizə xarici dilləri, eləcə də rus dilini bilən mütəxəssislər də lazımdır. Biz bu gün rus dilindən tamamilə imtina da edə bilmərik. Çünki bu, bizə informasiya müharibəsində də lazımdır. Ermənilər media sektorunda bizim əleyhimizə müxtəlif dillərdə, eləcə də rus dilində təbliğat aparırlar. Baxmayaraq ki, bizdə rus dilində təhsil imkanı var, amma rus dilini mükəmməl bilən mütəxəssislərin sayı azdır. Burada söhbət tərcüməçilərdən, rus dilində savadlı yazmaqdan gedir. Bu da başqa bir problemdir. Buna görə düşünürəm ki, yanaşmanı dəyişməliyik”.

Deputat bu məsələdə həm də siyasi amilin olduğunu vurğulayıb: "Rus dilində təhsil məsələsində siyasi amillər də var. Cənab Prezidentin Rusiya Prezidenti ilə görüşündə bu məsələni vurğulamasının da şahidi olduq. Bu baxımdan bəzi hallarda sözügedən mövzunun müzakirəsində Rusiyaya düşmənçilik, rusların hamısını düşmən kimi qələmə vermək cəhdləri də var. Hesab edirəm ki, bu da yanlışdır. Bəli, Rusiyanın bölgədə marağı var. Ötən əsrdə Rusiya Azərbaycanı işğal edib. Yəni bu mənfi faktorlar var. Tarixdə nə baş verib, bilirik. Amma bu gün bu reallığı qəbul etməliyik ki, Rusiya bizim qonşumuzdur, onun regionda marağı var və biz Rusiyaya qarşı müharibə elan edə bilmərik. Biz öz milli maraqlarımızı, mənafeyimizi qorumalıyıq".

Həmsöhbətimiz bu müzakirələrin Rusiya dövləti tərəfindən izlənildiyini də diqqətə çatdırıb: "Azərbaycan daxilində rus dilinə qarşı təbliğat Rusiya tərəfindən ciddi şəkildə izlənilir. Bu mövzu ara-sıra Azərbaycan cəmiyyətində müzakirə olunur, unudulur. Yenidən bir də qayıdılır. Amma cəmiyyət bilməlidir ki, həll yolu bu deyil. Bir çox məsələlər kimi bu da zamanla öz həll yolunu tapacaq. Bizdə bu təbliğat gedəndə Rusiyada ermənilər bundan əleyhimizə istifadə edirlər ki, Azərbaycanda rus dilinə, ruslara qarşı təbliğat aparılır. Biz Rusiyanı, tarixi, bizə mövqeyini yaxşı bilirik. Amma buna emosional yanaşmamalıyıq. Düşmənçilik, anti-Rusiya təbliğatı formasında aparılmamalıdır. Nəzərə almalıyıq ki, biz tarixən qonşuyuq, əlaqələrimiz var. Rusiyada da çox sayda təhsil alan, işləyən insanlarımız var. Buna görə münasibətlərin qorunması, düzgün idarə olunması çox önəmlidir". 

"Biz 90-cı illərin əvvəllərində bu siyasəti, təbliğatı apardıq. Nəticədə isə Rusiyanın Ermənistana daha çox dəstək verdiyinin şahidi olduq. Bunun da nəticəsi Qarabağda özünü büruzə verdi. Ona görə hesab edirəm ki, bu məsələni zaman-zaman qaldırmaq, “rus dilində məktəbləri bağlayaq”, “rusları Xankəndidən çıxaraq” kimi çağırışlar etmək yersizdir. Bunun real mənzərəsi Ukraynadadır. Bu gün Ukraynada baş verənləri təhlil etdikdə bu kimi təbliğatların hara aparıb çıxartdığını müşahidə edirik. Burada söhbət hər iki ölkədən gedir. Ona görə də bu həssas məsələdir", - deyə Məmmədov söyləyib.

O, təhsil aldığın dilin düşüncə tərzinə böyük ölçüdə təsir etdiyi fikri ilə də razılaşmır: ““Kim rus dilində təhsil alırsa, Rusiyanın tərəfini saxlayacaq, ruspərəst olacaq” kimi ümumiləşdirmələr yanlışdır. Onlardan kimlərsə belə ola bilər, amma ümumiləşdirməyin əleyhinəyəm. Düşünürəm ki, hansı dildə təhsil almasından asılı olmayaraq, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyəsinə ailələrdə önəm verilməlidir. Son vaxtlar ingilis dilinə daha çox meyil göstərənlər var. Orta məktəbi ingilis, türk dilində oxuyanlar da var. Onda belə çıxır ki, onlar ingilis, türk kimi düşünürlər? Hansı dildə təhsil almağın düşüncəyə təsiri olsa da, bu azdır. Bu müzakirələr zamanı səslənən "Hər rus dilində təhsil alan Rusiyaya meyilli olur və ya rus kimi düşünür" fikri ilə də razılaşmıram. Rus dilində təhsil alan kifayət qədər vətənpərvər gənclərimiz var”.

Milli Məclis üzvü rus dilində ödənişsiz təhsilin ləğv olunması təklifini də qəbul etmir: “Statistikaya əsasən, Aəzrbaycanda 100 mindən artıq rus yaşayır. Onların da öz dillərində təhsil almaq haqları var. Rus dilində ödənişsiz təhsili ləğv etsək, bu, özünü ayrı-seçkilik kimi də göstərə bilər. Onsuz da kimsə rus dilində təhsil almaq istəyirsə, bunu qarşısına hədəf qoyubsa, ödənişli də olsa, rus dilində təhsil alacaq. Buna görə rus dilində ödənişsiz təhsilin ləğv edilməsi əsaslı yanaşma deyil”.

Valideynlərin övladlarını rus bölməsinə qoymasına marağına qaldıqda isə müsahibimiz bunun bir neçə amilə bağlı olduğunu deyib: “Bir səbəb budur ki, valideynlər övladlarının əlavə dil öyrənməsini istəyirlər. Düşünürlər ki, onsuz da ailədə Azərbaycan dilini bilir, məktəbdə rus sektoruna getsə, rus dilini də öyrənmiş olacaq. Bu da o deməkdir ki, övladı gələcəkdə iki dil biləcək. Əlbəttə, bu addımı atanlar gələcəkdə övladlarının Rusiyada təhsilini davam etdirməsini nəzərdə tuturlar. Bizdə də rus dilində universitetlər var. Rus dilində ədəbiyyatla tanış olmaq, rus mədəniyyətini öyrənmək kimi amillər də rol oynayır. İkinci bir yanaşma da rus sektorunda oxuyan uşaqların fərqli dünyagörüşünə, intellektual düşüncəyə malik olmaları ilə bağlı fikirdir. Hesab edirəm ki, bu, sovet dövründən qalma yanaşmadır. Rus bölməsində dərs proqramının roluna qaldıqda isə bunun təsiri olsa da, sırf bununla bağlı olduğunu düşünmürəm. Proqramlar da əsasən bizdə hazırlanır”.

Növbəti həmsöhbətimiz, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov xatırladıb ki, Azərbaycanda rus bölmələrinin olub-olmaması, sayı və s. məsələlər dövlətin, siyasi rəhbərliyin birbaşa nəzarətindədir: “Kimlərinsə bu məsələlərdə həvəskarcasına fikir bildirməsinin yanlış olduğunu düşünürəm. Mənə görə, vətənpərvərliyin dillə bir əlaqəsi yoxdur. Azərbaycanlı uşaqların rus və ya başqa bir xarici dildə təhsil almasına qarşı səsləndirilən fikirləri düzgün hesab etmirəm. Fərqli dillərdə təhsil ala bilərlər, amma öz dillərini, tarixlərini də mükəmməl bilməlidirlər. Vətəninə, millətinə, milli dəyərlərə bağlı olmalıdırlar. Bunun ən yaxşı nümunəsini elə ölkə başçısının timsalında görürük. Azərbaycan Prezidenti rus bölməsində orta və ali təhsil alıb, amma Prezident qədər də vətənpərvər ikinci bir adam tanımıram. İkinci Qarabağ müharibəsində Prezident müxtəlif dillərdə fikrini səlis ifadə edərək informasiya savaşının da Ali Baş Komandanı olub. Biz həmin ərəfədə Ermənistan Prezidentini də izləyirdik. O, nə rus dilində, nə ingiliscə yaxşı danışa bilirdi. Bizim Prezidentin bir neçə dildə səlis danışmasının özü də bizim üçün üstünlük idi”.

Həmsöhbətimiz azərbaycanlılarla müqayisədə ermənilərin Rusiyada daha güclü mövqelərdə olduqlarını və rus dilini yaxşı bilən həmvətənlərimizin olmasının gərəkliyini  qeyd edib: “Rusiya bizim starteji tərəfdaşımız, müttəfiqimizdir. Azərbaycanla Rusiya arasında geniş iqtisadi bağlar var. Mədəni, elmi əlaqələr güclüdür. Bizim Rusiyada işləyən, yaşayan çox sayda soydaşımız var. Bu gün Rusiyanı düşmən adlandırmaq da düzgün olmaz. Bu yanaşma zərərlidir. Ora həm də əmək bazarıdır. Çox sayda həmvətənimiz orada işləyir.

“Mən düşünürəm ki, həmvətənlərimiz sadəcə iqtisadi sferada deyil, Rusiyanın siyasi, elmi, mədəni sferasında da təmsil olunmalıdırlar. Bunlar da təbii ki, dil bilgilərindən keçir. Bizim həmvətənlər müxtəlif ölkələrdə fərqli-fərqli sferalarda, mühüm postlarda olsalar, mühüm pozisiyalar əldə edə bilsələr, bu, bizim dövlətin gücüdür. Təbii ki, Rusiyanın da müxtəlif sferalarında yer almalıyıq. Bunun üçün də rus dilini yaxşı bilməliyik”, - deyə alim vurğulayıb.

Orucov da təhsil dilinin düşüncə tərzinə birbaşa təsirinin olmadığı fikrindədir: “Əlbəttə ki, biz nə qədər çox dil biliriksə, düşüncələrimiz bir o qədər genişlənir, hadisələrə daha geniş prizmadan baxa bilirik. Çünki fərqli mənbələrdən informasiya almaq imkanımız genişlənir. Övladlarımızın hansı dildə təhsil almasından asılı olmayaraq, onları milli ruhda tərbiyələndirək, öz dəyərlərimizi aşılayaq. Əsas məqam budur. "Kimin uşağı hansı dildə oxuyursa, o düşüncədə olacaq" iddiasını kim edir? Bu, yanlışdır. Düşüncə ailədən verilən tərbiyədən asılıdır. Mənim övladım 4 dildə də danışa bilər, amma hansı torpaqdan, millətdəndirsə, oraya canı, qanı ilə bağlıdır. Övladım orta məktəbi rus bölməsində oxuyub. Hazırda xarici ölkədə təhsil alır. Amma onun Azərbaycan dili bilgisinə heç kim şübhə edə bilməz. Nə Azərbaycan dilinin qrammatikasını Azərbaycan bölməsində oxuyan həmyaşıdlarından zəif bilir, nə də Vətənə bağlılığında onlardan geri qalır. Bu baxımdan yalançı vətənpərvərliklə bu məsələlərə münasibət bildirilməməlidir”.

“Kimin nə deməsindən asılı olmayaraq, bu, bir reallıqdır ki, Rusiyanın çox güclü təhsil, elm, mədəniyyət mühiti var. Bunlardan istifadə etməliyik. Əsas olan isə budur ki, öz dəyərlərimizdən, dilimizdən, dövlətimizdən uzaq düşməyək. Rus dilində təhsilin olması zərərli deyil. Kaş, bizim övladlarımız müxtəlif dilləri mükəmməl bilsinlər. Dünya xəritəsində Azərbaycan çox da böyük ölkə deyil. Övladlarımızın fərqli dilləri bilməsi, savadlı olması bizim dünyanın siyasi xəritəsində mövqelərimizi möhkşmlətməyə də imkan yaradacaq. Bunu yalnız öz insanımızın bacarığı, intellekti ilə edə bilərik. Bu baxımdan fikirləşirəm ki, fərqli dillərdə təhsil də almaq olar, yaratmaq da olar. Ən vacib məqam bir daha qeyd edirəm ki, dəyərlərimizi qorumağımız və münasibətimizi ortaya qoymağımızdır. Təbii ki, Azərbaycanın hər bir vətəndaşı fikrini açıq şəkildə ifadə etməkdə azaddır. Rus dilində məktəblərə geniş yer verilməsinə etirazını bildirənlər olur. Bəli, ola bilsin ki, rus dilində məktəblərin sayı çoxdur. Amma bunun da səbəbləri var. Mən uşaqlarımızın, ümumiyyətlə, hansısa millətə nifrət ruhunda böyüməsinin tərəfdarı deyiləm. Burada yalnız Ermənistan istisna təşkil edir. Biz Ermənistanla müharibə şəraitində yaşamışıq. Bu gün artıq müharibə bitir. Biz artıq qələbə çalmışıq. Ermənistanla qonşuyuq, onlarla bir məkanda yaşamağa məhkumuq. Barış yəqin ki, olacaq. Əksi mümkünsüzdür. 100 illik müharibə etmiş xalqlar da barışıb. Biz gərək yaşanmışları unutmayaq”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib