Deport təhlükəsi altında: “İmkan olsa, bir gün də yaşamarıq bu ölkədə”

Aktual

22.04.2021 - 21:30

Allahın ümidinə qalanlar və ya Rusiyada yaşayan soydaşlarımızı nə gözləyir?

 

Xəbər verdiyimiz kimi, Rusiya Daxili İşlər Nazirliyi (DİN) postsovet dövlətlərindən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib.

 

Rusiya bəyan edir ki, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min insan qeyri-leqal yaşayır.

 

Keçmiş Sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqələr davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verir.

 

Rusiya hökumətinin bu addımı və 120 min işsiz soydaşımızın ölkəmizə qayıtması Azərbaycana nə vəd edir? Ən əsası, hazırda Rusiyada yaşayan həmvətənlərimizin durumu necədir, hansısa təzyiq hiss edirlərmi, qanunsuz yaşayanlar öz aqibətləri haqda nə düşünürlər? AYNA bu və digər sualları elə şimal qonşumuzda yaşayan azərbaycanlıların özlərinə ünvanlayıb.

 

Rusiyanın Tver vilayətində yaşayan və xırda ticarətlə məşğul olan Axan Eynullayev:

No description available.

“Mən pandemiya ilə əlaqədar Rusiya sərhədini tərk edə bilmədim. Bilirsiniz ki, Azərbaycanla sərhəddə - Dağıstanda uzun müddət soydaşlarımız şəraitsiz şəkildə yaşadılar. Bundan sonra azərbaycanlılar başa düşdülər ki, onsuz da geri qayıtmaq mümkün deyil və gedib sərhəddə küçələrdə qalmaqdansa, gözləmək daha yaxşı seçimdir.

 

Rusiya qanınlarına görə isə bu ölkədə yaşamaq üçün üç ay müddətində qeydiyyata düşməlisən. Yenidən qeydiyyatı bərpa etmək üçün mütləq sərhədi keçib qayıtmalısan. Günün birində məni saxladılar və həbs etdilər. Halbuki cərimə etməklə də məsələni yoluna qoya bilərdilər. Həbs qərarında israr etdilər. Həbs isə bir ay müddətində ictimai işlərdə çalışmaq, yəni küçələri süpürmək idi.

 

Mənimlə birlikdə digər MDB dövlətlərindən – Tacikistan, Özbəkistan, Qırğızıstan vətəndaşları da oxşar cəzaya məhkum edilmişdi. Son hadisəyə qədər hər üç aydan bir sərhədi keçib-qayıdırdıq. Azərbaycana mümkün olmadıqda isə yaxın dövlətlər vasitəsilə bunu həyata keçirirdik. Pandemiya dövründə faktiki olaraq hər yerdə sərhədlər bağlandı. O səbəbdən bir müddət qeydiyyatsız yaşamalı olduq.

 

Təbii ki, Azərbaycanda iş olsaydı və normal gəlir qazana bilsəydik, heç zaman öz doğma dövlətimizi qoyub Rusiyanın çöllərinə düşməzdik. Rusiyada bizə istismar obyekti kimi baxırlar. Necə ki, son başımıza gələnlər bunun bariz nümunəsidir. İmkan olsa, bir gün də bu ölkədə yaşamazdıq. Amma neyləyək ki, vətəndə də bizi yaxşı heç nə gözləmir”.

 

Rusiyanın Krosnayarsk vilayətində yaşayansahibkarlıq fəaliyyəti ilə məşğul olan Təzəxan Əmənov:

No description available.

“Bir neçə şəhərdə biznesim var. Uzun illərdir Rusiyada yaşayıram. Artıq bu ölkənin vətəndaşıyam. Şəxsimə məxsus olan şirkətdə yüzlərlə işçi çalışır. Onların arasında azərbaycanlılar da var. Əslinə qalsa, miliyyətindən asılı olmayaraq, Rusiyada yaşayan sahibkarlar üçün əlverişli olanı rusları işə götürməkdir. Çünki bu zaman heç bir əngəllə qarşılaşmırsan. Lakin biz azərbaycanlıyıq və soydaşlarımızı da diqqətdən kənarda qoya bilərik.

 

Miqrantların əmək məsələsinə gəldikdə isə, bu, kifayət qədər mürəkkəb və vaxt aparan məsələdir. Açıq etiraf edim ki, Rusiyada yaşayan soydaşlarımızın - hansıların ki, Azərbaycana qaytarılması gözlənilir, bir çox hallarda özləri səhlənkarlığa yol verirlər. Düzdür, iddia edilə bilər ki, məhz koronavirusla bağlı qeydiyyat sənədlərini rəsmiləşdirməyiblər, lakin məlumatlı insan kimi deyə bilərəm ki, bundan öncə də bu şəkildə yaşayan miqrantların sayı az deyildi.

 

Rusiya tərəfindən bununla bağlı rəsmi açıqlama yayılsa da, hazırda Azərbaycan vətəndaşları ciddi problemlərlə qarşılaşmırlar. Burada hər şey öz qaydasındadır. Bununla bağlı xəbərləri də Azərbaycan mətbuatı vasitəsilə əldə edirik. Hesab etmirəm ki, bu, Rusiyanın Azərbaycana qarşı əks-siyasətinin nəticəsidir. O səbəbdən ki, bu qərar təkcə azərbaycanlılara qarşı deyil, digər MDB dövlətlərinə qarşı da nəzərdə tutulub. Bəlkə də bu yolla miqrasiya sahəsində intizam yaratmağa çalışırlar.

 

Bütün hallarda indidən qəti qərara gəlmək və uzaqgörən nəticələr çıxarmaq lazım deyil. Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onlar maddi ehtiyaclarını təmin edirlər. Bu, həm də əhali sayı sürətlə azalmaqda olan Rusiya hökuməti üçün vacibdir. Bu mənada miqrantların kütləvi şəkildə öz ölkələrinə qaytarılacağını gözləmirəm”.

 

Rusiyanın Tver vilayətində yaşayan və soydaşlarımızın sənədləşmə işləri ilə məşğul olan İnşallah Dadaşov:

No description available.

“Bu qərarın azərbaycanlılar üçün böyük problemlərə yol açağını düşünürəm. Bilirsiniz ki, Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalamışdı və həmin sərəncam 15 iyun tarixində qüvvədən düşür. Sərəncamda qeyd olunurdu ki, məlum müddətə qədər Rusiyada yaşayan miqrantlar icazə sənədi almalıdırlar.

 

Rusiyada yaşamaq üçün üç cür qeydiyyat növü mövcuddur. Bunlardan biri patentdir. Bunun üçün aylıq çek ödənişi əldə edilməlidir. İkinci üsul yaşayış hüququdur. Bu hüququ əldə etmək üçün yerli polis orqanlarından illik deklorasiya sənədi icazəsi alınmalıdır. Müvəqqəti yaşayış üçün qeydiyyat sənədi isə üç aydan bir yenilənməlidir. Rusiya sərhədlərini tərk etmək və yenidən qayıtmaq bu zaman mütləqdir. Qeyd olunan qərar yalnız qeydiyyat sənədi olanlara şamil edilir. Yəni, bu müddətdə onlar müvafiq qeydiyyatı əldə etməsələr, məcburi şəkildə ölkədən çıxarılacaqlar.

 

Bir məqamı da diqqətə çatdırım ki, deportasiya zamanı miqrantın vəsaiti yoxdursa, onun qohumları ödəniş etməlidirlər. Əks halda miqrant barədə bəlli müddətə, yəni üç və ya beş il müddətinə yox, uzunmüddətli deport qərarı verilə bilər. Bu isə öz növbəsində Rusiya qanunvericiliyinə və beynəlxalq hüquq normalarına ziddir.

 

Qeydiyyatsız miqrantlara isə yenidən geri qayıtmaq icazəsi veriləcək. Bunun üçün onlar mütləq Rusiya sərhədlərini tərk etməlidirlər. Koronavirus pandemiyasının geniş yayıldığı və sərhədlərin hər yerdə bağlı olduğu bir şəraitdə bu qərarın qəbulu süni əngəl yaratmaq cəhdindən savayı bir şeyil. Bütün hallarda hər bir dövlət öz vətəndaşları üçün məşğulluq imkanı yaratmalıdır ki, onlar məcburiyyət səbəbindən digər dövlətlərin himayəsinə və rəhminə sığınmasınlar”.

 

Moskva şəhərində yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Atatürk Kamallı:

No description available.

“Məncə, Rusiya hökuməti bu qərarına yenidən baxacaq. Hesab etmirəm ki, Rusiya miqrantlara sərt xəbərdarlıq edib. Mümkündür ki, sənədsiz miqrantları ölkə ərazisindən çıxarsınlar. Amma o da mümkündür ki, bu, sadəcə təşviq vasitəsi olsun. Bu barədə indidən bir qiymətli mülahizə yürütmək olmaz.

 

Mən özüm Moskvanın mərkəzində yaşayıram. Sahibkarlıq fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlə də yaxından maraqlanıram. Rusiyada yaşayan fəal soydaşlarımızla mütəmadi əlaqədə oluruq. Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə vaxtaşırı görüşlər keçiririk. Açığını deyim ki, bu barədə daha çox Azərbaycan mətbuatı yazır. Rusiyanın özündə isə bu məsələ bir o qədər də müzakirə olunmur.

 

Bütün hallarda miqrantlar yaşadıqları və çalışdıqları ölkənin qanunlarına hörmətlə yanaşmalıdırlar. Pandemiya səbəbindən müəyyən çətinliklərin ortaya çıxması təbiidir. Lakin pandemiyadan öncə də bu cür vəziyyətlərin şahidi olurduq”.

Müəllif: Azər Niftiyev