Bu tip hadisələr, eyni zamanda, ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir
Hazırda Azərbaycan internetində problemlər yaşanır. Ölkənin 2 əsas magistral provayderindən birində - "Delta Telecom"un ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib.
İlkin məlumatlara görə, "Delta Telecom"un 2-ci əsas Mərkəzi, ATS 66 -da yerləşən Mərkəzi ilə "Delta Telecom"um əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib.
Bu qəzanın kimlərsə tərəfindən, xəbərdarlıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir.
Bunun nəticəsində Deltanın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb.
Delta mövcud alternativləri işə salsa da, son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib.
Beləliklə də yalnız "Delta Telecom"dan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb.
Eyni zamanda Deltadan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib.
Hazırda "Delta Telecom"da qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunmasl istiqamətində işlər aparılır.
Baş verənlər bir daha göstərir ki, ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də, problemlər hələ də qalmaqdadır.
Bu tip hadisələr, eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.
Ölkənin əsas internet təchizatçısı olan "Delta Telecom" istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir.
Düşünürəm ki, cavabdeh dövlət qurumları və backbone provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.
NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir.
Osman Gündüz, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti