Dəhşətli ssenariyə aparan yol: "Mossad" necə kar və kor oldu?

Aktual

09.10.2023 - 16:37

Bütün bunlar necə baş verdi – dünyanı şoka salan hadisələrin izi ilə

Fələstinin HƏMAS hərəkatı son illərdə İsrailə qarşı ən böyük hücumunu həyata keçirib. Hücum aktiv raket zərbələri ilə müşayiət olunub.

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik rəsmiləri ilə təcili toplantı çağırıb. HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif əməliyyatın başladığını elan edərək, fələstinliləri hər yerdə döyüşməyə çağırıb.

"Bu, işğala son qoymaq üçün ən böyük döyüş günüdür", - deyə Deifin sözlərinə görə, İsrail ərazisinə 5 min raket atılıb.

İsrail ordusu hərbçilərin Qəzza zolağında əməliyyat apardığını açıqlayıb, lakin təfərrüatlı məlumat verməyib: “Bir sıra terrorçular Qəzza zolağından İsrailə daxil olublar. Qəzza zolağının ətrafındakı bölgə sakinlərinə evlərində qalmaq əmri verilib”.

İndi İsraildə baş verənləri necə qiymətləndirmək olar? Bu, necə mümkün oldu?

AYNA mövzunu tanınmış israilli ekspertlərlə müzakirə edib.

Hərbi ekspert David Gendelman:

“Baş verənlərin əsas səbəbi kəşfiyyatın uğursuzluğu idi. İsrail kəşfiyyatının qiymətləndirməsi belə idi ki, eskalasiya indi HƏMAS üçün sərfəli deyil, son həftələrdə yaşanan danışıqlardan sonra qəzzalılara İsraildə işləmək üçün daha çox icazə verilib, Qətər pullarının bir hissəsi Qəzzaya daxil oldu və s. Yəni, düşünürdülər ki, HƏMAS indi müharibə etməyəcək və təlimlər artıq dəfələrlə baş verdiyi kimi, sadəcə mövsümi təlimlərdir.

Kəşfiyyat da xəbərsiz qalaraq, əməliyyata hazırlığı önləyə bilməyib. Buna görə də ordu rahatlaşdı, sərhəddə döyüş hazırlığı yox idi, HƏMAS hücumda tam sürprizə nail oldu və buna uyğun olaraq hətta özü üçün də gözlənilməz uğurlar qazandı.

Bu, bir daha nümayiş etdirir ki, niyyətlərin qiymətləndirilməsi qiymətləndirmə imkanlarını tamamilə əvəz etməməlidir və düşmənin nəzərdə tutduğu addımları onun üçün faydalı və əlverişsiz hesab etdiyimiz konsepsiyaya uyğunlaşdırmaq fəlakətli nəticələrə gətirib çıxarır”.

Publisist Aleksandr Nepomnyaşiy:

“Güman etmək lazımdır ki, HƏMAS indiki vaxtda Tehrandakı ağalarının əmri ilə İsraillə hazırkı amansız müharibəyə başlayıb - İsrail ilə Səudiyyə Ərəbistanı arasında yaxınlaşma prosesini pozmaq üçün.

Birincisi, HƏMAS-ın hərəkətləri İsraili Qəzza zolağının ərəblərinə qarşı sərt cavab tədbirləri görməyə məcbur edir və bununla da ərəb ölkələri ilə aramızda sülhə doğru irəliləyişi çətinləşdirir. İkincisi, İsrailin zəif olduğunu və özünü, hətta potensial müttəfiqlərini belə, müdafiə etmək iqtidarında olmadığını nümayiş etdirmək niyyətindədirlər.

Göründüyü kimi, ordu rəhbərliyimiz vəziyyəti kökündən yanlış dəyərləndirib. Onlar hesab edirdi ki, eskalasiya indi HƏMAS üçün sərfəli deyil və hətta hökuməti buna inandıra bildilər və bundan sonra Qəzza diviziyasının qüvvələrinin əksəriyyəti bayram günlərində İudeya və Samariyaya yerləşdirildi.

Daha da pisi odur ki, hazırkı əməliyyat HƏMAS tərəfindən bir neçə ay ərzində açıq-aydın planlaşdırılıb və yüzlərlə, hətta minlərlə insanı cəlb etsə də, kəşfiyyatımız möcüzəvi şəkildə bu barədə əvvəlcədən heç nə bilməməyi bacarıb.

Bu, bütün ordu rəhbərliyinin dəhşətli uğursuzluğudur. Müharibə başa çatdıqdan sonra ordu komandanlığı dəhşətli fəlakətə görə məsuliyyət daşımalıdır. Ancaq bu barədə danışmaq hələ tezdir - əvvəlcə düşməni məğlub etməliyik.

İsrail üçün təkcə qalib gəlmək yox, elə bir şəkildə qalib gəlmək vacibdir ki, nə Tehrandakı düşmənlərimizdə, nə də Ər-Riyaddakı potensial müttəfiqlərimizdə bizim qətiyyətimizə, gücümüzə və qüdrətimizə heç bir şübhə yaranmasın. Ümid edirəm ki, uğur qazanacağıq”.

Müəllif: Rauf Orucov