Qrup Yaxın Şərqdə hərbi əməliyyatlara nəzarət edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında yerləşir
“USS Abraham Lincoln” təyyarə daşıyıcısının rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu Hind okeanına çataraq ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə CNN-ə iki mənbə məlumat verib.
Qrup Yaxın Şərqdə hərbi əməliyyatlara nəzarət edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında yerləşir. Bu addım Vaşinqtonun mümkün hərbi əməliyyatı barədə xəbərlər fonunda ABŞ qüvvələrini İrana xeyli yaxınlaşdırıb.
Mənbələrə görə, təyyarə daşıyıcısı hələ son mövqeyini tutmayıb. Ağ Ev ölkədə hökumət əleyhinə etirazların qəddarcasına yatırılması səbəbindən İrana zərbələr endirməyi düşünür, baxmayaraq ki, son qərar verilməyib.
Təyyarə daşıyıcısından əlavə, zərbə qrupuna adətən idarə olunan raket kreyserləri, hava hücumundan müdafiə esminesləri və sualtı qayıq əleyhinə freqatlar daxildir ki, bu da ABŞ-a kütləvi zərbələr endirməyə və tam dəniz dominantlığını təmin etməyə imkan verir.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Tehranı etirazçıları öldürməmək barədə xəbərdar edib və birbaşa müdaxilə ilə hədələyib. Lakin ötən həftə o danışıqların mümkünlüyünə işarə edərək, İranın "danışmaq istədiyini" bildirib.
İnsan haqları qrupu HRANA-nın məlumatına görə, etirazların yatırılması zamanı artıq 5520 nəfər ölüb.
ABŞ-ın NATO müttəfiqləri və regional tərəfdaşları bütün Yaxın Şərqin sabitliyinin pozulmasından ehtiyat edərək Vaşinqtonu hərbi əməliyyatlardan çəkinməyə çağırırlar.
23 yanvarda ABŞ dinc etirazçıların öldürülməsinə görə İrana qarşı yeni sanksiyalar elan edib.