“Yaponiyanın NATO ilə əməkdaşlığı inkişaf etdirmək üçün atdığı addımlarla bağlı ciddi narahatlığımızı bildiririk”
“Çin Yaponiyanın öz qoşunlarını Ukraynadakı NATO təhlükəsizlik yardımı və təlim strukturlarına göndərmək barədə qərarından son dərəcə narahatdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian deyib..
Diplomat vurğulayıb ki, "Yaponiyanın NATO ilə əməkdaşlığı inkişaf etdirmək üçün atdığı addımlarla bağlı ciddi narahatlığımızı bildiririk. Bu, Yaponiya konstitusiyası, beynəlxalq hüquq və daxili qanunvericilik tərəfindən müəyyən edilmiş məhdudiyyətlərdən, eləcə də sırf müdafiə siyasəti prinsipindən kənara çıxmaqdır".
Lin Cian qeyd edib ki, Tokionun hərəkətləri mövcud beynəlxalq nizama meydan oxumaqdır və "ölkənin təşviq etdiyi sülhsevər dövlət imicinə" ziddir.
O əlavə edib ki, Yaponiya son zamanlar region xaricindəki hərbi təşkilatlarla daha tez-tez əlaqə qurmağa başlayıb və bununla da özünün yenidən hərbiləşdirilməsini fəal şəkildə təşviq edir.
Qeyd edək ki, mayın 29-da Yaponiya Müdafiə Nazirliyinin NATO-nun Ukraynaya göstərəcəyi hərbi yardımı nəzərdən keçirmək üçün Almaniyaya dörd zabit göndərəcəyi açıqlanıb. Yaponiya Müdafiə Nazirliyi onların Almaniya hərbi bazasında qalacaqlarını və faktiki döyüşlərdə iştirak etməyəcəklərini vurğulayıb.