Çin peyvəndlə bağlı dünya ictimaiyyətinə müraciət edib

Dünya

28.05.2020 - 16:04

Baş Nazir: “Bu virusu məğlub etmək üçün bəşəriyyətin güclü silaha ehtiyacı var”

 

COVID-19 peyvəndləri və dərmanları qlobal məsələdir. AYNA xarici mediaya əsasən bildirir ki, bu haqda Çinin Baş Naziri Li Keqianq dünya ictimaiyyətinə müraciət edib. O, bildirib ki, Çin vaksinlərin tədqiqi və hazırlanması sahəsində beynəlxalq əməkdaşlığa hazırdır.

 

"Bu virus hər kəsi təəccübləndirdi, çünki bütün bəşəriyyət tamamilə yeni bir xəstəliklə üz-üzə qaldı. Hazırda COVID-19-la bağlı bildiyimizdən artıq məlumata malik deyilik. Koronavirusun bu növü heç bir dövlət sərhədi tanımır, bütün dünyanın və bəşəriyyətin düşməninə çevrilib. Bütün ölkələr profilaktik və nəzarət tədbirlərini həyata keçirir. Peyvənd üçün tədqiqat işləri aparılır. Amma ciddi nəticəyə hələ ki, nail olunmayıb”, Çin Baş Naziri söyləyib.

 

Onun sözlərinə görə, epidemiya üzərində nəzarəti ələ almaqla yanaşı, koronavirusun qarşısının alınması üçün vaksinlərin, təsirli dərmanların tapılması istiqamətindəki tədqiqatları inkişaf etdirmək lazımdır: “Bu virusu məğlub etmək üçün bəşəriyyətin güclü silaha ehtiyacı var. Çin və bir çox ölkələr bu sahəyə investisiya qoyur. Biz COVID-19-a qarşı beynəlxalq əməkdaşlığa hazırıq. Bəşəriyyətin koronavirus düşmənini məğlub edə bilməsi üçün birlik lazımdır”.

Müəllif: Ayna.az