Cənubi Qafqazda yeni savaş təhlükəsi: bölgə qana çalxalanır

Aktual

09.02.2024 - 18:03

Hərbi ekspert: “Qərb Ermənistanın əli ilə bölgədə sülhün əldə olunmasına əngəl yaradır”

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, Ermənistanın Qarabağa iddiası qalacaqsa, sülhdən danışmaq mümkün deyil. Son vaxtlar sülh prosesi ilə bağlı hansısa irəliləyişin olmamasını nəzərə alan ekspertlər bildirirlər ki, rəsmi İrəvan sülhdən yayınma siyasətini davam etdirir. Paşinyanın açıqlaması isə növbəti dəfə zaman qazanma cəhdi kimi qiymətləndirilir.

Bununla yanaşı, sərhəddə vəziyyətin yaxın müddətdə gərginləşəcəyi, Ermənistanın hərbi təxribata əl atacağı barədə proqnozlar da səngimir.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli AYNA-ya deyib ki, Ermənistan 44 günlük müharibədən sonra da sülh sazişində maraqlı olmadığını nümayiş etdirib:

- Bu gün bu siyasət İrəvan tərəfindən hələ də davam etdirilir. Məsələ Ermənistanın sülh istəməməsi təkcə özünün yox, havadarlıq edən qüvvələrin siyasətinə uyğundur. Sülhün alternativi isə savaşdır. Hesab edirəm ki, qarşıda Ermənistan sərhəddə təxribatlar törədə bilıər. Təbii ki, bu təxribatlara Azərbaycan səssiz qalmayacaq.

Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan qarşıdurması, istərsə də Rusiya-Ukrayna-Qərb qarşıdurması heç də həmin ölkələrin maraqları ilə bağlı deyil. Necə ki, Ukrayna müstəqil mövqe nümayiş etdirə bilmədi, Qərbin maraqlarına “yox” deyə bilmədi, eləcə də Ermənistan bu gün Qərbin, ABŞ-ın, Avropadakı jandarma rolunu oynayan Fransanın əsirinə çevrilib. Bir sözlə, İrəvan bu gün Cənubi Qafqazda Qərbin maraqlarına uyğun siyasət aparmaqdadır. Ümumiyyətlə, dünyada bir savaş var – Qərblə Şərq arasındakı savaş. Münaqişələr bu savaşın tərkib hissəsidir. Təəssüf ki, bu gün Cənubi Qafqaz ölkəsi olaraq Ermənistan Qərbin bufer bölgəsi, ön cəbhəsi rolunu üzərinə götürüb.

- Sülhün yaranmasına Qərb mane olur?

- Qərb Ermənistanın əli ilə bölgədə sülhün əldə olunmasına əngəl yaradır. Hesab edirəm ki, Nikol Paşinyan hökuməti Qərbin maraqlarına xidmət etmək məcburiyyətindədir. Əks halda, Paşinyan hakimiyyətinin davamlılığı mümkünsüzdür. Əgər Paşinyan bölgədə Rusiya və Çinin layihələrinə “hə” desə, o zaman onun hakimiyyətdə qalması sual altına düşür.

Eyni zamanda, Qərb İrəvanı sülhdən yayındırır ki, Ermənistanın buna uyğun davranışları Azərbaycanı sərt addımlar atmağa sövq edir.

- Bu məqamda Rusiya Ermənistana qarşı hansı siyasəti həyata keçirir?

- Bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ermənistanın təhlükəsizliyi Rusiya ilə bağlıdır” ifadələri ilə əslində İrəvanı qarşıda hansı təhlükənin gözlədiyini demiş oldu. Bu gün Qərb Ermənistanı Rusiya çətiri altında olan təşkilatlardan çıxmağa səsləyir. Bu isə Rusiyanın sərt davranışı ehtimalını gücləndirir. Ötən il ABŞ ordusuna Ermənistanda təlim keçirməyə İrəvan icazə verdi. Həmçinin Avropadan olan hərbçilər mülki missiya adı altında Ermənistanda yerləşdirilib. Buna Moskva əlbəttə, göz yummayacaq. Unutmayaq ki, Ermənistanda Rusiyanın üç hərbi bazası mövcuddur. Bu gün faktiki olaraq bu gün Qərb Ermənistanda Rusiyaya qarşı “soyuq müharibə”yə başlayıb. Təbii ki, Rusiya bu savaşdan məğlub çıxmaq niyyətində deyil. Məğlub olmamaq üçün də əlindən nə gəlirsə, onu həyata keçirəcək.

- Baza demişkən, belə fikirlər var ki, Qarabağdakı Rusiya sülhməramlı kontingenti oradan çıxarkən Rusiyaya getməyəcək, Ermənistana, konkret desək, Qərbi Zəngəzura yerləşəcək. Belə bir hal mümkündürmü?

- Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Heç vaxt Moskva bölgədən çıxmaq niyyətində olmayıb. Kremlə yaxın analitiklərin fikirlərinə diqqət etsək görərik ki, Rusiya Cənubi Qafqazda varlığını qorumaq üçün bütün vasitələrdən istifadə edəcək. Bu gün Qarabağda Rusiya sülhməramlı kontingentinin qalmasına ehtiyac yoxdur. Yəqin ki, müddət başa çatdıqdan sonra sülhməramlı kontingentin Qarabağdan çıxarılması gündəmə gələcək. Bu zaman Rusiya hərbçilərini Qərbi Zəngəzura köçürmək istəyəcək. Qarşıda bölgədə yeni gərginliklərin olacağı proqnozlaşdırılır. Rusiyanın da marağında olan yeni yol xəttinin açılması əsas məsələdir. Yəni ki, Zəngəzur dəhlizinin açılması istiqamətində Rusiya bütün imkanlarını səfərbər edəcək. Bütün bu maraqlar kontekstində, tərəflərin istəkləri baxımından savaşın olacağını istisna etmək mümkün deyil.  

Müəllif: Anar Bayramoğlu