Cəmiyyətin yeni nazirdən istəkləri var: <font color=red> Bunlar nəzərə alınacaq?</font>

Cəmiyyət

02.08.2020 - 11:08

Emin Əmrullayevin atacağı addımlar dörd gözlə gözlənilir

 

Hər bir millətin bugünkü təhsili gələcəyinin necəliyindən xəbər verən proqnozçu rolunu oynayır. Dövrün nəbzini tuta bilən, qənaətbəxş təhsil sisteminə sahib olmaq olduqca əhəmiyyətlidir. Bu istiqamətdə atılan uğurlu addımlar isə cəmiyyət tərəfindən olduqca təqdir edilir. Yeni Təhsil naziri Emin Əmrullayevin təyinatı bir çox insan tərəfindən rəğbətlə qarşılandı. Qərb təhsil sistemini görmüş, tanıyanları tərəfindən bilik və bacarığı yüksək qiymətləndirilən nazirin atacağı addımlar dörd gözlə gözlənilir desək, yanılmarıq.

 

Bunu nəzərə alaraq AYNA tələbə və müəllimlər arasında sorğu keçirib, yeni Təhsil nazirinin hansı problemlərin həlli istiqamətində addımlar atmasını zəruri hesab etdiklərini soruşub. Beləliklə:

 

Fidan Məmmədli (tələbə): “Məni təhsildə ən çox narahat edən məsələ müəllimlərlə bağlıdır. Bir çox hallarda müəllimlərin pedaqoji fəaliyyətinin qanedici olmaması ilə qarşılaşırıq. Ola bilsin ki, zamanında yaxşı təhsil alıblar, çox savadlıdırlar, lakin hazırda praktikada bunu göstərə bilmirlər. Bu da keyfiyyəti aşağı salır. Buna görə yaxşı olar ki, hər bir təhsil müəssisəsində müəllimlərlə bu istiqamətdə iş aparan bir komissiya yaradılsın, keyfiyyətin yüksəlməsi üçün müvafiq addımlar atılsın və bu proses daimi olsun. Müəllimlər nə qədər öyrətməyə həvəsli olsalar, şagird-tələbə də o qədər öyrənməkdə maraq göstərir. Onu da qeyd edim ki, burada “öyrətmək” deyəndə təkcə proqramda yazılanı tələbəyə çatdırmağı nəzərdə tutmuram, bu, quru, səthi yanaşmadır. Müəllim yaradıcı olmalı, tədris etdiyi fənni həyatın bir parçası olaraq təqdim etməyi, mənimsətməyi bacarmalıdır. Digər bir problem də vəsait çatışmazlığıdır. Elə fənlər var ki, onun üçün kitabxanada bir ya iki kitab olur. Tələbələr də məcbur qalıb kitabın surətini çıxartdırırlar. Bu, həm əlavə vaxt, enerji, həm də pul itkisidir”.

Aliyə Əliyeva (müəllim): “Təhsilin səviyyəsinin yüksəldilməsi, dərsliklərin yenilənməsi, təhsilverənlərə diqqətin artırılmasını istəyirəm. Müəllimləri sıxışdırmaq əvəzinə onlara motivasiya vermək, şagirdlərin müəllimə olan hörmətini geri qaytarmaq lazımdır. Qeyd edim ki, köhnə dərsliklər qat-qat yaxşı idi. Hal-hazırda dərsliklər elə vəziyyətdədir ki, uşaqlar özləri tək tapşırıq yerinə yetirə bilmir, ya gərək valideyn kömək etsin ya da uşaq repetitor yanına getsin”.

 

Məryəm Nəbiyeva (tələbə): “İlk olaraq universitetlərə nazirlik səviyyəsində tapşırılmalıdır ki, bu il ödənişlərin gecikdirilməsi problem edilməsin. Məlum məsələdir ki, karantinə görə iş yerləri bağlıdır. Camaatda pul yoxdur, belə vəziyyətdə illik təhsilhaqqını necə ödəsinlər axı?! Bəzi universitetlər anlayışlı davransa da, bir qismi yay məktəblərinin belə, pulunu israrla tələb edir. Digər bir məsələ isə onlayn dərslərin keyfiyyətidir. Onlayn dərslərdə keyfiyyət aşağı oldu, əgər sentyabrdan dərslər onlayn davam edəsi olsa, bu, nəzərə alınmalı, keyfiyyətə nəzarət güclü olmalıdır”.

 

İbrahim Məmmədli (tələbə): “Məktəblərdə test üsulu ilə yoxlamanı yazılı ilə əvəz etsə, daha yaxşı olardı. Test üsuluna öyrəşən şagird fikrini ifadə etməkdə çətinlik çəkir, eyni zamanda da ali məktəbə qəbul olduqda imtahanları yazılı verir. Bu da yeni üsula öyrəşənə qədər müəyyən çətinliklər yaradır”.

 

Gülər Əhmədova (tələbə): “Məncə kurikulum sisteminə yenidən baxılmalıdır. Müəllim və şagirdlərdən bununla bağlı çox şikayətlər eşidirik. Ənənəvi üsulun daha keyfiyyətli olmasını nəzərə alaraq yeniliklər edəcəyini gözləyirəm. Eyni zamanda da ali məktəb dərsliklərinin yenilənməsi üçün addımlar atılmalıdır. Hazırda bir çox fəndən ya yetəri sayda, ya da ümumiyyətlə, bügünkü tələbə cavab verəcək vəsait yoxdur”.

 

Aysel Mirzəyeva (müəllim): “Test üsulu yığışdırılmalıdır. Birinci, ikinci sinif şagirdinin biliyi niyə testlə yoxlanmalıdır axı? Bu, ən tez üçüncü sinifdə ola bilər. Çünki uşaq birinci sinifdə hələ oxumağı təzə öyrənir. Təcrübə onu göstərir ki, şagirdlər testlə çox işlədiklərinə görə bir müddətdən sonra bildiklərini zənn etdiklərimizi də unudurlar. Ənənəvi üsul daha yaxşı idi. Bundan əlavə də testlərdə çox çaşdırıcı suallar olur. Bilmək olmur ki, bu testlər uşaqlarımızın diqqətini yoxlayır, yoxsa biliyini. Birinci-ikinci sinifdə oxuyan şagirdin qarşısına test qoyub ondan yüksək nəticə gözləmək də düzgün deyil. Şagirdə imkan verməliyik ki, birinci üzündən yaxşı oxumağı, sərbəst yazmağı öyrənsin, bundan sonra test üsulu ilə yoxlamaq olar. Təcrübəmdə test-test rastlaşdığım, hansısa mövzuda testdə yaxşı nəticə göstərən şagirdim, şifahi sual-cavabda qanedici nəticə göstərmir. Yəni, test biliyi yox, sanki göz yaddaşını yoxlayır.

Məktəblərdə növbə məsələsini də nizama salmaq lazımdır. Yaxşı olardı ki, ibtidai sinif şagirdləri səhər növbəsi olsun. Bu, onlara gün ərzində daha çox vaxt qazandırmış olur, dincəlməkləri üçün də, məhsuldar dərs işləmələri üçün də vaxtları bol olur. Həm də təhlükəsizlik baxımından yuxarı sinif şagirdləri ilə eyni vaxtda dərsə getməmələrini daha uyğun hesab edirəm. Bu, bir sıra məktəblərdə tətbiq edilsə də, hamısına şamil edilmir.

 

Fənlər üzrə kitab sayı da çoxdur. Bununla bağlı tez-tez valideynlər şikayətlərini səsləndirsələr də, problem olaraq qalmaqda davam edir. Mən özüm də valideynəm. Övladımın ağır çanta daşıyıb onurğa sutünunun əyilməsini istəmərəm. Bizim dövrümüzdə kitab sayı bu qədər çox deyildi, məgər biz savadsız olduq?

 

Digər məni narahat məqam isə müəllimlərin imtahanlarında köçürmə hallarının çox olmasıdır. İmtahan iki növbəli olduqda səhər imtahan verən müəllim, günorta imtahana girən müəllimə sualları deyir və o müəllim imtahanda yaxşı nəticə göstərir, bununla da rəqabətdə ədalətsizlik yaranır. Bunu da deyim ki, bir çox məqamda xarici ölkələrlə müqayisə edilsə də, müəllimin maaşı məsələsi gələndə bu müqayisəni görmürük. Təbii ki, haqlı olaraq bu da təhsil işçilərində motivasiyanı aşağı salır”.

 

Gülçin İsgəndərova (tələbə): “Mən istərdim, bütün ali təhsil müəssisələrində tələbəyə istədiyi müəllimi və fənni seçmək hüququ verilsin. Bu problemi fənlərlə də yaşayırıq. Bəzi qeyri-ixtisas fənləri məcburi olur, lakin tədris forması qanedici olmur. İstər vəsait baxımından olsun, istərsə də müəllimlərin tədrisi ürəkaçan nəticə əldə etməyə imkan vermir. Vaxt itkisinə çevrilir”.

 

Ayşən Mustafayeva (tələbə): “Yeni Təhsil nazirimiz dövlət proqramı ilə Qərbdə təhsil alıb, o sistemlə tanışdır. Buna görə düşünürəm ki, bizim təhsil sistemini Avropa təhsil sisteminə uyğunlaşdırmaq onun üçün elə də çətin olmayacaq. Konkret olaraq nəyin dəyişdirilməsini demək çətindir, bu, hər kəsə görə dəyişir. Ümumi baxdığımızda bizim təhsil sistemində çox əksikliklər var. Buna görə təhsilalanlar və təhsilverənlər arasında geniş sorğular keçirilməli, bunun nəticəsinə uyğun işlər görülməlidir. Hazırda müəllim və şagirdlərin ən çox narazılıq etdiyi məqamlardan biri kurikulum sistemidir. Əvvəlki sistemlə müqayisələr aparılmalı, bu narazılıqların aradan qaldırılması üçün addımlar atılmalıdır.

 

Müəllimlər sertifikasiyanın ləğvini istəyirlər. Buna da baxmaq yaxşı olardı. Ceyhun Bayramovun dövründə müəllimlər MİQ imtahanında məntiq fənninin çıxarılmasından çox razı qalmışdılar. Müəllimlərin əksəriyyəti MİQ və kurikulumla bağlı dəyişikliklər edilməsini istəyir. Orta məktəbdə müəllimlər, ali məktəblərdə isə müəllim və tələbələr arasında sorğular keçirilməli və davamlı islahatlar aparılmalıdır.

 

Dövlət təqaüd proqramlarının sayı artırılmalıdır. Bu, çox vacib məqamdır. Dövlət hesabına xaricdə təhsil imkanları artırılmalıdır ki, xaricdə oxumaq istəyənlər bu istəyini reallaşdıra bilsinlər. Digər bir məqam isə odur ki, bir çox halda valideynlər və tələbələr onlara təqdim olunan imkanlardan məlumatsız olurlar. Bu da məlumatlandırmanın yetəri səviyyədə olmadığını göstərir, bu istiqamətdə də işlər görülməlidir”.

Müəllif: Aləmdə Nəsib