Çaxoyan: “Onların neçəsi Azərbaycan kəndləri uğrunda döyüşməyə hazırdır?”

Aktual

22.04.2024 - 15:41

“Tavuşda dövlət sərhədinin müəyyənləşməsinə qarşı olanların vətəni Xeyrimli, Qızıl Hacılı, Bağanis Ayrım, yoxsa Aşağı Əskiparadır?”

“Tavuşda dövlət sərhədinin müəyyənləşməsinə qarşı olanların vətəni Xeyrimli, Qızıl Hacılı, Bağanis Ayrım, yoxsa Aşağı Əskiparadır? Onların neçəsi heç vaxt Ermənistanın tərkibində olmayan Azərbaycan kəndləri uğrunda döyüşməyə hazırdır?”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan şəxsi “Facebook” səhifəsində yazıb.

“Onların neçəsi ərini, atasını, oğlunu döyüşə göndərməyə hazırdır? Onların neçəsi müharibənin acı nəticələrini çəkməyə hazırdır? Muzdlu təbliğatçılar deyil, müharibənin nəticələrini hamımız, xüsusən də yerli kəndlilər, sıravi əsgərlər çəkəcəyik”, - erməni rəsmisi bildirib.

Çaxoyan qeyd edib: “Müharibə üçün zəminləri neytrallaşdırmaq üçün kifayət qədər siyasi iradə və qətiyyətimiz olmalıdır. Bizi heç kim xilas etməyəcək. Qarabağ bunun bariz nümunəsidir”.

Qeyd edək ki, aprelin 19-da sərhədlərin delimitasiyası üzrə komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəlinib. Həmin gün axşam saatlarından başlayaraq, Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinlər Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyalarına başlayıblar. Aksiyanı dağıtmaq üçün əraziyə Ermənistan xüsusi təyinatlıları yeridilib.

Müəllif: Ayna.az