Çardan “cəsur” etiraf və dünya üçün qorxunc presedent

Dünya

01.02.2024 - 10:15

Kreml əsl niyyətini bəyan etdi: məqsəd heç də ukraynalıların “xilası” deyilmiş...

Rusiya lideri ikinci dəfə kamera qarşısında beynəlxalq məhkəmə tərəfindən cəzalandırılan cinayəti etiraf edib. Bu hadisə ilk dəfə ötən ilin əvvəlində Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ilə ukraynalı uşaqların “evakuasiyasını” müzakirə edərkən baş vermişdi. Nəticədə, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə onların həbsi üçün beynəlxalq orderlər verib.

İkinci dəfə yanvarın 16-da bələdiyyə başçıları ilə görüşdə Putin daha bir etiraf etdi - o, Ukraynaya əvvəllər deyildiyi kimi, onu "ukrnasistlərdən" "azad etmək" üçün deyil, onu fəth etmək üçün gəldiyini bəyan etdi: “Bizi son 1,5 ildə əldə etdiyimiz nailiyyətlərdən imtina etməyə təşviq etmək cəhdi... Bu, mümkün deyil. Hamı başa düşür ki, bu, mümkün deyil: həm Ukraynanın hakim dairələri başa düşür, həm də Qərb elitaları”.

O, eyni sözləri, ancaq birbaşa mətnlə deyil, üstüörtülü şəkildə, yanvarın 1-də xəstəxanada yaralı əsgərlərlə görüşdə də demişdi: “Biz də münaqişəni mümkün qədər tez, yalnız öz şərtlərimizlə bitirmək istəyirik. Sonsuz mübarizə aparmaq istəyimiz yoxdur, amma mövqelərimizdən də imtina etməyəcəyik”.

Əvvəllər Ukraynanı işğal etmək məqsədinin olmadığını və “bəzi əlavə əraziləri zəbt etmək niyyətində” olmadığını iddia edən Putin birdən-birə qonşu ölkənin işğal olunmuş ərazilərini qaytarmaq fikrində olmadığını açıqladı. Bundan əvvəl ondan və bütün Rusiya rəhbərliyindən eşidilən danışıqlar prosesinin mövcud “reallıqların”, yəni Rusiyanın işğalı nəticəsində Ukrayna ərazisinin bir hissəsinə sahib olmasının tanınması ilə bağlı tələblər metamorfoza məruz qalıb: “reallıqların” formalaşdırılması açıq tanınmaya – “fəth”ə çevrildi.

Yəni Putin bununla da presedentə çevrilə biləcək və geniş nəticələrə səbəb ola biləcək güc tətbiq etmək hüququnun tanınmasını tələb edir. Deməli, o və ya onun varisi, əgər Rusiya hakimiyyəti qanunvericilik səviyyəsində təcavüzkar, müstəmləkəçilik siyasətindən əl çəkməsə, hətta indiki müharibə başa çatdıqdan sonra belə, gələcəkdə öz qonşularına, o cümlədən Ukraynaya qarşı yeni müharibələr aça bilər və bütün ərazilərini zorla imperiyaya birləşdirə bilər.

Onda belə çıxır ki, Putinin məntiqinə görə, başqa dövlətlər də Rusiyadan nümunə götürə bilər - Almaniya Köniqsberqi, Finlandiya Vıborqı və digər əraziləri, Polşa Rusiya imperiyasının zəbt etdiyi Reç-Pospolitanın bütün torpaqlarını zorla qaytara bilər, İran Azərbaycan və ya Pakistanı ələ keçirmək istəyəcək, Əfqanıstan Tacikistanı, Çin Monqolustanı, Türkiyə bütün əvvəlki Osmanlı torpaqlarını qaytaracaq, Fransa Almaniyaya və ya əksinə hücum edəcək, Avstriya Macarıstana soxulacaq...?

Rusiya Federasiyasının eks-prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev daha pis oğlan rolunu öz üzərinə götürərək, il yarımdır ki, eyni sözləri deyir. Lakin bir həftə əvvəl o, daha da irəli gedərək, Ukraynanın təkcə “Banderanın siyasi rejimi” altında deyil, istənilən formada mövcudluğunun ukraynalılar üçün ölümcül təhlükəli olduğunu və “tarixi Rusiya ərazilərində” müstəqil dövlətin mövcudluğunun döyüşlərin yenidən başlaması üçün daimi bir səbəb olacağını bəyan etdi.

“Üstəlik, Qərbin kukla Kiyev rejimi ilə hansısa təhlükəsizlik sənədlərini imzalamasından asılı olmayaraq, yeni münaqişənin baş verməsinə 100% ehtimal var”, – deyə Medvedyev “Telegram” kanalında yazıb.

Buna nə Ukraynanın Avropa İttifaqı ilə assosiasiyası, nə də ölkənin NATO-ya daxil olması mane olacaq. Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, münaqişə 10 və ya 50 ildən sonra baş verə bilər. Medvedyev şübhə etmir ki, qaçılmaz ölümlə həyat arasında seçim edərkən ukraynalıların böyük əksəriyyəti ikincini seçəcək və anlayacaqlar ki, “indi sevmədikləri böyük ümumi dövlətdə həyat ölümdən yaxşıdır”.

Beləliklə, Medvedyev ukraynalılara Rusiya himayəsi altında ölümlə həyat arasında seçim təklif etdi, yəni işğal altında yaşamaq istəməyən hər bir ukraynalını öldürməyə gəldiklərini etiraf etdi.

Bəs belə liderlərlə hansı sülhdən danışmaq olar? Putin və Medvedyevin bəyanatlarından sonra kim onların sözünə inanıb Rusiya ilə sülh müqaviləsi imzalayacaq? Belə sülhün təminatçısı kim olacaq?

Əgər dünya birliyi Rusiyanın şərtləri ilə razılaşarsa, güclülərin haqqını tanıyarsa, bəşəriyyət orta əsrlərdəki işğalçılıq müharibələrinə qayıdacaq. Və bu, presedent olacaq, sabah istənilən dövlət öz qılıncını qonşularına qaldıracaq.

Söz sərçə deyil. Dünya Rusiya İmperiyasının uğurlarının rahatlıq vermədiyi rus torpağının indiki hökmdarının əsl məqsədini eşitdi.

Azad media və geniş sosial şəbəkələr dövründə 2022-cü il fevralın 24-də Ukraynanın işğalı başlayandan bəri Avropanın mərkəzində ən qanlı müharibəyə səbəb olan ölkənin liderinin bütün cinayətləri hətta uşaqlara da məlumdur. Amma səmimi şəxsi etiraflar, ukraynalı uşaqların oğurlanması hadisəsində olduğu kimi, əlavə araşdırma aparmadan da Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) növbəti hökmü çıxarmağa əsas verir.

Müəllif: Mira Həsənova