“Buna heç kəsin haqqı yoxdur” - AzTV-dən VMF şirkətinə CAVAB

Cəmiyyət

02.11.2021 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

“VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda multiplikasiya xarakteri daşıdığından…”

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC VMF şirkətinin reklam çarxını yaymaqdan imtina edilməsi ilə bağlı səbəbləri açıqlayıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, QSC-nin Vətən müharibəsinin ildönümü ilə bağlı bütün fəaliyyəti və efir siyasəti məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda qəhrəmanlığına, canından keçən şəhidlərimizin igidliyinə və qazilərimizin şərəfli döyüş yoluna həsr olunub.

“Bu mövzuda hər gün müxtəlif sənədli və bədii filmlər, videoçarxlar, siyasi-ideoloji verilişlər hazırlanır. Eyni zamanda, kanala kənardan da qeyd olunan mövzuda filmlər, videoçarxlar, kliplər təqdim olunur. Lakin AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edilib ki, reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır: “Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda multiplikasiya xarakteri daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib. Bir qədər dəyişiklik etmək, xüsusən də “Vətən müharibəsinin əsas şüarı olan “Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib. “Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir. Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı”.

“Ümumiyyətlə, AzTV olaraq hər kəsə, o cümlədən reklam şirkətlərinə məsləhət görərdik ki, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış zəfər tarixini reklam etdikləri məhsullarla uyğunlaşdırarkən diqqətli olsunlar və bu müqəddəs tarixin çəkisinə azacıq da olsa xələl gətirən heç nəyə yol verməsinlər. Buna heç kəsin haqqı yoxdur”, - deyə bildirilib.

Xatırladaq ki, VMF saat şirkəti “Qələbə vaxtı” kolleksiyasının AzTV-də reklam olunması üçün televiziyaya müraciət edib. Lakin AzTV bu videoçarxı efirə verməkdən imtina edib. Bu isə şirkətdə narazılıq yaradıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş