Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir
Məktəbəhazırlıq qruplarında uşaqlardan məktəbli forması geyinmək tələb olunmur. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Xatırladaq ki, avqustun 10-da 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.