“Onlara attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək”
On və onbirinci siniflərdə peşə təmayüllü təhsil alan şagirdlər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər. AYNA bildirir ki, bu barədə Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
Müşavirin sözlərinə görə, bu məqsədlə X-XI siniflərdə təhsil alan şagirdlər üçün peşə təmayüllü siniflər təşkil ediləcək. Burada mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla, müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək.
"Həmçinin şagirdlər peşə təhsili müəssisələrinin təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər", deyə - nazirin müşaviri vurğulayıb.