Nurlan Ağa: “Mən də ölüm mələyindən tək bir şey istəyirəm. Məni aparacağı gün bütün sevdiklərim yanımda olsun. Həmin gün qonaqlıq olsun, böyük bir qonaqlıq, hamı yığışsın ora, hamı deyib-gülsün, şəkillər çəkilsin, yeməklər düzülsün, söhbətlər edilsin, hamı məni sevsin, mənim üçün yığışsın”
12 oktyabr – dünən axşam arxiv söhbətlərimizi oxumuşam. Bu mesajı da sentyabrın 21-i qardaş qədər yaxını və dəyərlisi Əlövsət bəylə sağollaşıb evə gəldiyi gün söhbətləşdiyimizdə yazıb. Dedi, ayrılıqların ən ağrılısı Əlövsətlə oldu. Dedim, uzağa yox, Türkiyəyə gedirsən. Amma razılaşmadı: ““Əlim atsam, Ərzuruma yetəndir, Füzulinin məzarı da bizimdir” deyir Rüstəm Behrudi. Amma əlini atanda dəyəcəkmi Ərzuruma, Aləmdə? Arada sadəcə Qarsla İğdır var, keçdinmi, Naxçıvandır. Amma nə olsun? Yaxın görünürmü sənə? Uzağın uzaq adı var”.
“Varlı olmaq nə qəşəng şeydir bu anda. Adam puluna güvənsə, nə var ki? Lap həftəsonları da çıxıb gələrdim. Amma onda da o həvəs olmayacaq. Dücane hocanın dediyi kimi: “İstək olanda imkan olmaz, imkan olanda istək”. Bir dənə “yetərliliyi” sağ-salamat keçim, tez “önerimi” hazırlayıb, yanvarın axırı Naxçıvanda meyidimi sərsələr də, yenə o yolun üzərindən gələcəyəm”, - demişdi…
Bir az bundan əvvələ – görüşlərimizi planlaşdırdığımız günlərə qayıtdıqca söhbətlərimizi oxuyub heyrət etmişəm. Dəfələrlə “bu, son görüşdür”, “bu, son vidadır” deyib. Heç inanmaqmı olardı?! Hər dəfə Nurlan “bu dəfə Türkiyəyə nakam gedirəm” deyəndə soyuqqanlılıq göstərirdim. Soyuqqanlılığım da onu qıcıqlandırırdı. Bunu açıq bildirməsə də, hiss edirdim. Amma inadımdan dönmürdüm. Demişdim, Ərzuruma get, yerləş, sənin bu həssas qəlbinə bir əncam çəkək, belə olmaz.
Axı bilirəm ki: “Dünya həssas qəlblər üçün cəhənnəmdir”. İstəmirdim, bu əzabı çəksin...
Türkiyəyə getməmişdən bir neçə gün əvvəl – görüşlərimizdən biri sentyabrın 13-də idi. “Elmlər”də çay içə-içə gecə yarısına qədər söhbətləşmişdik. Yenə Nurlan bir nəfərin yüksək insani dəyərlərə sahib olduğundan danışırdı, bizi inandırmağa çalışırdı ki, dünyada bu qədər yaxşı adamlar azdır, onları xüsusi sevmək, dəyər vermək lazımdır və s. Sözümüz üst-üstə düşmədi, mübahisəmiz elə qızışdı ki, yan masadakılar elə bildilər, dalaşacağıq. Amma həmişə olduğu kimi, yenə bir-birimizin fikrinə hörmət edib sakitləşdik. Sonra mövzu dəyişdi. Gözüm bir xanıma zilləndi, olduqca gözəl görünürdü. Amma bizim masada beyinlər problemə kökləndi. Dostlarla xanımların get-gedə necə də bir-birinə bənzədiyindən gileyləndik. Buna baxmayaraq, adətim üzrə gözəl xanıma gözəl deyilməsi üçün təkid edib istəyimə nail oldum. Sonra həmin günlərdə beynimdə dolanan misranı “Ən gözəl qadınlar qocalır, şair” deyib köks ötürmüşdüm ki, Ağa (çox vaxt ona belə müraciət edirdim) Günel Mövluddan söz saldı, bir az ondan danışdıq. O, “Google”da axtarış verib Günel Mövludun “Dostum Elnur Astanbəyliyə məktub” şeirini tapdı.
Təsadüf deyə bir şey varmı? Mən inanmıram. Dost görüşlərində şəkil, video çəkdirməyə, çəkməyə çox da həvəs göstərməyən mən niyəsə həmin gün telefonda səsyazana basıb Nurlana təkid etdim ki, “o şeiri səsləndir, səsin yazılır”.
Bu yaxınlarda telefonumdan çox şəkil, çox səs yazısı silmişəm, amma hər dəfə bu səsləndirməyə çatanda içimdən “silmə” deyə pıçıldayan o səsə qulaq vermişəm. Mən elə bilirdim, bizim görüşlərimiz, söhbətlərimiz o qədər çox olacaq ki, bunlar hamısı yenilərin yanında həm köhnə, həm də cılız qalacaq. Çünki günlər, aylar, illər keçdikcə biz daha çox oxuyacaq, öyrənəcəyik, söhbətlərimiz daha da dərinləşəcək, zənginləşəcək. Amma öyrəndik ki, ən zəngin zaman elə indidir. Babalar-nənələr düz deyirmişlər: “Hər saniyənin öz hökmü var”.
Bugünlərdə bütün dost-tanış Nurlandan yazır. Hamı sosial media hesabından ona ünvanlanan paylaşımında nələrəsə görə təşəkkürünü də ifadə edir. Əlbəttə ki, bu, çox yerində təşəkkürdür. Çünki Nurlan Ağada qısqanclıq yox idi, bildiyini kiminsə qulağına pıçıldamırdı, ucadan deyirdi, hamı eşitsin. O, çoxumuz üçün təkcə hansısa faydalı əməlinə, yaxşılğına görə yox, həm də ümumiyyətlə, oxumağa, öyrənməyə qarşı aşıladığı sevgiyə görə dəyərli idi. Çoxumuzun ona “işıqlı adam” deyə xitabı da bundan qaynaqlanırdı. Gənc yaşında hamımızı elminin işığına toplamağa nail olmuşdu.
Bu gün mən daha çox əminlik duyuram ki, o, qaranlıqlar içərisindən parlayan işıq imiş. Çoxları onu layiqincə dəyərləndirə bilməyib, bəlkə də biz özümüz də bunu bacara bilməmişik, bilmirəm. Bu gün təsəllim xüsusi məqamları, günləri gözləmədən, anidən bir mesajla necə dəyərli olduğunu yazıb hal-əhvalını soruşmağım, bəzən saatlarla dərdləşmələrdən sonra ümidli bir amaldan yapışıb növbəti söhbətədək sağollaşmalarımızdakı yaşanan o sevinclərimizdir.
Elə son görüşümüzdə də ümidli idik. Reanimasiya otağından danışdığımız günlərdə də çox inamlı idik. Mənə əminliklə “inşallah, tez sağalacam, az qalıb” yazmışdı.
Gözəl dostum, ağlımda və xatirələrimdə hər zaman xəfif gülüşünlə, ümidli və inamlı duruşun, ağıllı sözlərinlə qalacaqsan. Qoy, ruhun Tanrının yanında rahatlıq tapsın!