Qrant Şapps: “Müharibədən əvvəlki dövrə qədəm qoymuşuq”
“NATO üzvləri Alyansın gələcəyi barədə düşünməli və müdafiə xərclərini artırmalıdır”. AYNA xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “The Daily Telegraph” nəşrinə yazdığı məqalədə qeyd edib.
Şapps xatırladıb ki, on il əvvəl NATO müttəfiqləri ÜDM-in iki faizini müdafiəyə xərcləməyə razılaşıblar. Lakin Alyansın bəzi üzvləri hələ də bunu etmirlər.
“Bu davam edə bilməz, biz gələcəyimizlə rus ruletini oynaya bilmərik. Bu gün biz yenidən gələcəyimiz haqqında təcili düşünməliyik. Biz müharibədən əvvəlki dövrə qədəm qoymuşuq”, nazir xəbərdarlıq edib.
Britaniyalı nazir əlavə edib ki, Rusiya, İran, Çin və Şimali Koreya NATO üçün təhlükə yaradır: “Bu ölkələri cilovlamaq üçün Ukraynaya yardımlar çatdırılmalı, həmçinin Alyans üzvlərinin hərbi xərcləri artırılmalıdır”.
Daha əvvəl Şapps bəyan etmişdi ki, Qərbdən Rusiyaya heç bir təhlükə yoxdur. Nazir həmçinin əlavə edib ki, Rusiya öz qüvvələrini Ukrayna ərazisindən çıxarmalıdır.