Leyboristlər 14 ildən sonra yenidən qalib gələ bilərlər
Bu gün Böyük Britaniya Parlamenti qarşıdan gələn növbədənkənar seçkilərlə əlaqədar rəsmən buraxılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qanunverici orqanın saytında məlumat yerləşdirilib.
Mövcud qanuna görə, Baş nazir Rişi Sunakın iyulun 4-də çağırdığı ümumi seçkilərə 25 iş gün qalmış parlament buraxılmalıdır. Analitiklər seçkilərin payızda baş tutacağını gözləyirdilər, lakin hökumət daha erkən tarix müəyyənləşdirib.
Sunak keçən həftə Britaniya kralı III Çarlzın Parlamentin buraxılması tələbini təmin etdiyini açıqlamışdı.
Böyük Britaniya Parlamentinin buraxılması avtomatik olaraq onun İcmalar Palatasında, aşağı palatada 650 yerin hamısının boş qalması deməkdir. Seçkilərdən sonra iyulun 9-da Parlament yeni tərkibdə spiker seçmək və deputatların andiçmə mərasimi keçirəcək.
Bundan əvvəlki seçkilər 2019-cu ildə keçirilib. Həmin seçkilərdə sabiq Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası böyük qələbə qazanıb. Lakin o vaxtdan bəri seçici əhval-ruhiyyəsi dəyişib. Koronavirus pandemiyası zamanı hökumətin mübahisəli hərəkətləri, bir sıra qalmaqallar və iqtisadi problemlər mühafizəkarların populyarlığının azalmasına səbəb olub. Nəticədə Conson hökumət başçısı vəzifəsindən istefa verib. Onu qısa müddətə Liz Trass əvəz edib, sonra isə Sunak Baş nazir olub.
Sorğu məlumatları və son yerli seçkilərin nəticələri Key Starmerin rəhbərlik etdiyi İşçi Partiyasının populyarlığının artdığını göstərir. Leyboristlər 14 ildən sonra yenidən qalib gələ bilərlər.
Böyük Britaniyada seçkilər majoritar sistemlə keçirilir. Əksəriyyəti 325-dən çox dairədə namizədləri qalib gələn partiya qazanacaq.